​Qaradağda Beynəlxalq Müəllimlər günü qeyd olundu

​Qaradağda Beynəlxalq Müəllimlər günü
16:59 05.10.2021
97 Toplum
A- A+

Beynəlxalq Müəllimlər günü münasibətilə videokonfrans keçirilib.  Konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, səlahiyyətli şəxslər, rayon təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib. 

Azadinfo.az xəbər verir ki,  tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulayıb.

S.Mikayılov Ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 

Həmçinin  RİH başçısı,  bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 21 şagirdin 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olduğunu  açıqlayıb. Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda  uğurları olan məktəblilərin də adı qeyd olunub.  

Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən S.Mikayılov məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini xüsusi qeyd edib. 

Təhsildə fərqlənən bir qrup qabaqcıl direktor və müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb. 

Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.