Deputat oğlunun tutdurmaq istədiyi zərərçəkənlərə qarşı ilginc kibercinayət – HƏDƏ FOTOSU ƏLİMİZDƏ!!!

Həbib Axundovun məhkəməyə çəkdiyi şəxsləri öldürməklə hədələyən kimdir?

“Ağrıdır? Çətindir? Amma sən gül, çünki sağsan. Hələ ki, sağsan – hər şey qarşıdadır” – bu hədə mətni deputat Elmira Axundovanın oğlu Həbib Axundovun da adı keçən dələduzluq işində zərəçəkənlərə – Sabir Ağayevə, Fərman Məmmədova, Ramil Bəkirova və Zaur Səfərova göndərilib. Hədə mesajı sifətində döyülmə izləri, ağzından qan axdığı görünən birinin fotosuna əlavə edilərək ”facebook” sosial şəbəkəsi üzərindən göndərilib. Göndərilən ünvan isə Elvin Vəlyevin facebook hesabı olub. Zərərçəkənlər əvvəlcə nə baş verdiyini anlamayıblar. Çünki hədə mesajı Elvin Vəliyevdən – onlarla çiyin-çiyinə illərlə hüquq-mühafizə orqanlarına şikayətlər edən birindən gəlmişdi.

Məsələ aydınlaşdırılarkən isə çox ilginc bir kibercinayət üzə çıxıb. Məlum olub ki, 13 noyabr 2017-ci ildə Elvin Vəliyevin ”facebook” hesabı oğurlanıb və həmin hesab üzərindən onun zərərçəkən dostlarına belə bir hədələyici mesaj göndərilib. Elvin Vəliyev də daxil olmaqla digər zərərçəkənlər – Sabir Ağayev, Fərman Məmmədov, Ramil Bəkirov və Zaur Səfərov kibercinayətin açılması, törədən şəxsin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova və dövlət təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevə rəsmi olaraq müraciət ediblər.

E.Vəliyevin də ayrıca müraciəti olub.

Həmin müraciəti təqdim edirik:

Yazıb bildirmək istəyirəm ki, mən Bakı Baş Polis İdarəsində İstintaq olunan dələduzluq cinayəti işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışam. Şəxsi “facebook” səhifəmdə bununla bağlı bəzi paylaşmalar etmişəm. Eyni zamanda 2017-ci ilin iyun ayında Xəzər dənizində batan model Mirzəyeva Günel Rəşid qızının ölümü barəsində gedən məlumatlarla əlaqəli də bir sıra paylaşmalar etmişəm. 13 noyabr 2017-ci il tarixdə istifadə etdiyim “facebook” səhifəmdə olan profilimə kiber hücum edilmişdir. Mənə məxsus olan profili qanunsuz olaraq əldə edən şəxs və yaxud şəxslər tərəfindən digər şəxslərə hədə-qorxu məzmunlu şəkil göndərilmişdir və eyni zamanda mənə məxsus olan bütün məlumat və paylaşmalar əldə edilərək məhv edilmişdir. Hazırda istifadə etdiyim profilə daxil ola bilmirəm və bildirmək istəyirəm ki, həmin profildən yayılan məlumatlara görə heç bir məsuliyyət daşımıram.

Xahiş edirəm ki, mənim istifadəmdə olan ”facebook” səhifəmə qanunsuz daxil olaraq mənə məxsus şəkilləri və digər mühüm əhəmiyyət kəsb edən məlumatları ələ keçirərək məhv edən şəxs və yaxud şəxslərin müəyyən edilərək, onların cinayət məsuliyyətinə cəlb olunması barədə göstəriş verəsiniz”.

Yada salaq ki, E.Vəliyev də daxil olmaqda onun ”facebook” hesabı üzərindən hədə mesajı alan şəxslər deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən iş üzrə zərərçəkənlərdir.

Məsələnin mahiyyəti budur ki, H.Axundov və onun şəriki, ailə dostu Elnur Rauf oğlu İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər. Bundan sonra vətəndaşlar H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb. Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra -9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən qaçırılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci(etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istntaq nəticəsizdir.

Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin onun da, digər zərərçəkənlər kimi hədə mesajı alması haqda məlumat yoxdur.

Zərərçəkənlərin E.Vəliyevin ”facebook” hesabının kim tərəfindən kiber hucuma məruz qoyulması haqda bəzi ehtimalları var. Hələ ki, şübhələrinin kimdən olmasını ictimiləşdirməyə tələsmirlər. Ümid edirlər ki, hüquq mühafizə orqanları Azərbaycan dövlətçiliyinə, vətəndaşlarının şəxsi məlumatlarının toxunulmazlığına böyük təhlükə olan bu kiber cinayəti qısa müddətə açacaqlar.

Xatırladaq ki, H.Axundovun dostu E.İbrahimovun ölkəyə ekstradisiya olunması bu günə qədər lazımi addımlar atılmırdı. Buna görə də zərərçəkənlər israrla E.İbrahimovun ölkəyə gətirilməsi üçün müxtəlif orqanlara müraciətlər edirdilər. H.Axundov özü və anası E.Axundova isə həmin müddətdə zərərçəkənləri müxtəlif iddialarla məhkəməyə veriblər.

Zərərçəkənlərin israrlı tələblərindən sonra E.İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub. Onun İnterpol xətti ilə axtarışa verilməsi üçün iş üzrə zərərçəkən kimi tanınan vətəndaşlar 2 il aidiyyatı dövlət qurumlarına ardıcıl müraciətlər ediblər. H.Axundov isə belə bir təşəbbüsdə bulunmayıb. Ona hədə mesajının getməməsi də suallar yaradır…

Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə hədə mesajı alan zərərçəkənlər dayanıblar. H.Axundov xaric digər zərərçəkənlər E.İbrahimovun həbsi, sonradan Azərbaycana ekstradisiyası üçün çalışırlar. H.Axundov isə heç nə olmamış kimi davranır. Zərərçəkənlər düşünürlər ki, E.İbrahimovu görünməyən gizli qüvvələr himayə edir. Fikirlərini belə əsaslandırırlar ki, onlarla adama qarşı milyonlarla manat dələduzluq edən bu şəxsi həbs etdirmək üçün illərlə polis, prokurorluq orqanlarında döymədikləri qapı qalmayıb. Atası Bakı Metrpolitenində elektrik, anası isə orta məktəb müəlliməsi işləyən birinin bu qədər şəxslərə qarşı külli miqdarda pul “ataraq” əlini qolunu sallayaraq gəzməsi işdə güclü qüvvələrin maraqlı olmasını ortaya qoyur. Zərərçəkənlər deyirlər ki, Elmira Axundovanın oğlu Həbib Axundov bu istiqamətdə heç bir iş görmür, əksinə anası ilə birlikdə onları məhkəmələrə verərək yüksək məbləğlərlə cərimə, həbs etdirməyə çalışır. Maraqlı situasiya yaranır – zərərçəkənlər həbs olunandan sonra onların Həbib Axundovun şəriklik etdiyi piramidaya qoyduğu pullar kimə qalacaq?

Niyə sosial şəbəkə üzərindən hədələnənlərin dairəsi H.Axundovun dostu Elnur İbrahimovun həbsini tələb edən zərərçəkənlərlə məhdudlaşır? Başqa sözlə desək, Həbib Axundov da zərərçəkəndir, amma o hədə mesajı almayıb. Bu məsələdə onun dostu Elnur İbrahimovun əli ola bilərmi?

Formal olaraq, iş materiallarına görə, Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki Elnur İbrahimov pulları götürüb və qaçıb. Bəs reallıqda belədirmi?

criminalaz

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir