Kilsədə ölənlərin sayı artır – Keçmiş hərbiçi 26 nəfərin həyatına son qoydu

ABŞ-da keçmiş hərbiçinin kilsədə törətdiyi qətliam qurbanlarının sayı artır.

ATV.az Reuters-ə istinadən bildirir ki, ən son məlumatlara görə, Texas ştatında baş verən hadisədə həyatını itirənlərin sayı 26-ya, yaralıların sayı isə 25-ə çatıb. Qeyd edək ki, hadisə ötən gün baş verib. 26 yaşlı Devin Kelli, Sazerlend-Sprinqs şəhərində kilsəyə daxil olaraq avtomat silahdan orada olan insanlara atəş açıb. Ölənlər 5 yaşdan 72 yaşadək olan şəhər sakinləridir. Daha sonra kilsədən çıxan D.Kelli və üzərində silah olan yerli sakin arasında atışma baş verib. Cinayətkar silahını yerə ataraq avtomobillə hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra onun meyiti sahibi olduğu maşında aşkarlanıb. Onun atışma nəticəsində aldığı yaradan keçindiyi və yaxud intihar etdiyi güman edilir. Qatilin avtomobilində xeyli sayda odlu silah tapılıb.

Məlumata görə, Texas ştatının Nyu-Braunsfeld şəhər sakini Devin Kelli 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olub, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edilib. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.Cinayətin motivləri müəyyənləşdirilir. Baş verənlərə münasibət bildirən ölkə prezidenti Donald Tramp Yaponiyada olmasına baxmayaraq, hadisələri şəxsi nəzarətinə götürdüyünü bildirib. Texas polisi isə sakinlərə evlərindən çıxmamağı tövsiyyə edib. Xatırladaq ki, oktyabrın 1-də Texas ştatının Las-Veqas şəhərində 63 yaşlı Stiven Paddok musiqi festivalının iştirakçılarını atəşə tutub, nəticədə 58 nəfər ölüb, 500-dən çoxu yaralanıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir