16 yaşında həbsə düşdü, ömür boyu çıxa bilmədi – AZƏRBAYCANLI “DİKTATOR”UN MƏŞUM HEKAYƏTİ

Azərbaycanda oğru ideyalarının nə vaxtdan yayılamağa başladığı məlum deyil.

Azadinfo.az Lent.az-dan əldə etdiyi məlumatına görə, ilk azərbaycanlı qanuni oğrular məhz 20-ci əsrin əvvəllərində tanınıblar. Bunlardan “Diktator Ağakərim”, “Sanka Zver”, “TT Nəriman” və s. misal çəkmək olar. Bugünkü yazımızda Azərbaycan kriminal aləminin aslarından hesab olunan Ağakərim Kərimov – “Diktator Ağakərim”in oğru dünyasındakı nüfuzundan bəhs edəcəyik.

“Diktator Ağakərim” kim olub?

Ağakərim Kərimov barəsində internet mənbələrində çox az məlumat var. Kərimov Ağakərim İbrahim oğlu 1924-cü ildə Bakıda, Dağlı məhəlləsində anadan olub. O, 1940-cı ildə erməni serjantını söyüşə görə öldürməyə cəhd edib. 16 yaşında həbs edilib. Cəzasını isə Bakıda yerləşən 6-cı kalon çəkib. Həmin vaxt kriminal aləmdə tanınan “Dağlı Şahmurad”, “TT Nəriman”, “Maştağalı Mehdi” və bir neçə şəxslə eyni kamerada saxlanılıb. Həmin dövrdə yaşı az olmasına baxmayaraq, adı çəkilən şəxslər arasında özünə hörmət qazanıb.

Ağakərim Kərimov bir ildən sonra Tiflisdə yerləşən cəzaçəkmə müəssisəsinə etap edilib. Burada o, daha bir cinayət törədib. Cəzasının üstünə cəza gəlib. “Diktator” Tiflisdə bir çox rus və gürcü oğrularla eyni həbsxanada olub.

Haqqında yazılan və danışılanlara inansaq, Ağakərim qəddarlığı və düzgünlüyü ilə digər oğrulardan fərqlənib. Tiflisdə cəza çəkən zaman Ağakərimin Rusiyadan etap edilən oğrularla mübahisəsi yaranıb. Ağakərim həmin şəxslərin oğru adının alınmasına nail olub. Bundan qəzəblənən kriminal aləm üzvləri onu öldürtmək niyyətinə düşüb. Bu səbəbdən o dövrdə tanınmış çeçen oğrulardan olan Amir Timur Ağakərimin cəza çəkdiyi zona etap edilib. Onun niyyəti Ağakərimi, oğru jarqonu ilə desək, “sındırmaq” olub. Lakin Amir Timur Ağakərimi tanıdıqdan sonra onunla çox yaxın dost olub. Məhz ona görə Ağakərim həbsxanadan etap edilib.

Ağakərim Kərimova “Diktator” ayamasını məhz Amir Timur verib. Bundan başqa, onun “Boq Urala”, “Zver Kərim”, “Magiran”, “Myasnik Kərim” kimi təxəllüsləri də olub. Fiziki cəhətdən çox güclü olan “Diktator” dustaqlar arasında böyük nüfuza sahib olub.

O, bir dəfə həbsxanadan qaçıb. 1 aydan sonra yenidən həbs edilib. Tiflis cəzaçəkmə müəssisindən Komi, Çelyabinsk, Kolima, Maqadanda yerləşən həbsxanlarda cəza çəkib. 16 yaşında həbs edilən Ağakərim Kərimov ömrünün sonuna qədər heç zaman azadlığa çıxmayıb.

1953-cü ildə Ağakərimi Sverdloskda yerləşən türməyə etap ediblər. 1973-cü ildə, 52 yaşında isə islah olunmadığı üçün barəsində güllələnmə hökmü verilib. Bu hökm 1976-cı ildə icra edilib.

“Diktator Ağakərim” barəsində yazılarda, tanışlarının dediklərində qeyd edilib ki, həbsdə yatdığı dövrdə ən çox istədiyi iki şey olub. Birincisi, uzun müddət görmədiyini anasını görmək, ikinci isə bir dəfə olsun Bakı havası udmaq. Birinci istəyi reallaşıb. Uzun müddət sonra anası ilə görüşüb. Lakin ikinci istəyi ürəyində qalıb. Heç zaman həbsxanadan azad olunmadığı üçün Bakını bir daha görə bilməyib.

Diktator Ağakərim Qafqazda tanınan “qanuni oğru” olub. Deyilənlərə görə, Ağakərim indiki dövrdə də qüvvədə olan “oğru qanunları”nın ilk 7 maddəsini tərtib edib. Onun “tac”landırdığı, ad verdiyi oğruların sayı onlarladır.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir