21 il ev dustağı olan azərbaycanlı əfsanəvi müğənni – FOTOLAR + VİDEO

Ququş – Əsl adı Faiqə Atəşindir. Milliyətcə azərbaycanlı olan bu xanım İranın məşhur müğənnisi və aktrisasıdır. O, 1950-ci il mayın 5-də Tehranın Sarıçeşmə küçəsində, kasıb bir məhəllədə dünyaya gəlib. Azərbaycan əsilli olan valideynləri Sabir və Nəsri Atəşinlər İrana Bakıdan köçüblər. Ququş hələ uşaq uşaqkən valideynləri boşanıb. Bundan sonra Faiqə atası ilə birlikdə yaşamağa başlayıb. Balaca Faiqə böyük səhnəyə addımlarını canbaz və əyləndirici artist olan atası (Təlxək ) ilə birlikdə atmağa başlayıb. Əvvəllər atası ilə birlikdə səhnəyə çıxmaqdan utanan üç yaşlı qızcığaz yavaş-yavaş səhnəyə çıxmağa alışıb. Bəlkə də bu, həyatın ona təqdim etdiyi ən çətin, amma ən gözəl yolun başlanğıcı olub.

 

Atasının çıxışlarından sonra səhnəyə çıxıb insanları ovsunlayan bu qızcığazı qonşuları əzizləyərək “Qu quşu” çağırırdı. Milyonların qəlbini fəth edən Faiqə Atəşin uşaqlıq ləqəbi onun səhnə adına çevrilir. Dünyanı heyran edən bu azərbaycanlı qızı hər kəsin yadında Ququş kimi qalır.

Kasıbçılıq, küçə tamaşaları, anasından ayrı qalması bu balaca qızcığazın gələcək taleyini həll edir. Bu keşçəkeşli günlər onu addım-addım izləyir. Bəzən o, bu mübarizədə qalib gəlib, bəzən isə tam əksi baş verirdi. Ququş da hər bir gənc qız kimi ailə həyatı qurub, xoşbəxt olmaq istəyirdi. Amma onun məhrumiyyyətlə dolu olan taleyi üzünə gülmürdü. Evlilikləri bir göz qırpımında dağılıdı. Bəlkə də bir neçə dəfə ailə qurub boşanmasının, uğursuz evliliklərinin səbəbi uşaqlıqda aldığı travmalar, həyatın ona təqdim etdiyi yoxluqlar idi.

 

Atası Sabir ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən Faiqənin 3 ögey qardaşı dünyaya gəlib. Ana həsrəti çəkən kiçik qızcığaz ögey anasına mehrini salıb və ögey qardaşlarından birini Firuddini öz himayəsinə götürüb. Ev işlərinin çətinliyi, ana həsrəti, küçədə səhnə həyatı onu ruhdan salmırdı. O, küçədə həm böyüyür, həm də günəş kimi parlayırdı.

(Ququş anası Nəsrin Ataşin və atası Sabir Atəşinlə birlikdə)

Nəhayət, bəxti onun üzünə gülür və Ququş ilk filminə 7 yaşında çəkilir. Sabir mükəmməl səsə malik qızını tez-tez özüylə səhnəyə çıxarır, ona mahnılar oxutdururdu. Sonralar Ququş şah sarayında və şahanə məclislərində çıxış etməyə başlayıb.

İranın şah rejimi Ququşun taleyində, gələcək həyatında xüsusi yer tutur. 1957-ci ildə 7 yaşlı Faiqə “Qorxu və ümid” adlı filmin çəkilişlərinə dəvət alır. Cəmi üç il sonra onu “Fərari mələk” filminə dəvət edirlər. Kiçik uğurlar bir-birini əvəz etdikcə balaca Faiqə populyarlaşmaya başlayır.

Ququş 1971-ci ildə Fransanın Kann şəhərində fransız dilində ifa etdiyi “Retour de la ville” və “J’entends crier je t’aime” mahnılarına görə birinci yeri tutub. Azərbaycanda Rəşid Behbudovun oxuduğu “Ayrılıq” mahnısının ifasına görə daha çox tanınıb

Ququş fars, Azərbaycan, ingilis, fransız, ispan, italyan və erməni dillərində mahnılar oxuyub. Mahnıları İtaliyada və Cənubi Amerikada müvəffəqiyyət qazanıb. O, İranda müasirlik, dəb və mədəni tərəqqi rəmzi olub. Lakin 1979-cu ildə İranda baş verən islam inqilabından sonra bu ölkədə Ququşun həm müğənni, həm də kino aktrisası kimi fəaliyyətinə qadağa qoyulub. O, 2000-ci ildə İrandan Amerikaya getmək məcburiyyətində qalır.

İslam inqilabının qadağan etdiyi, 1979-cu ildə təhvil verilməli olan “Bu gecə kimsə ağlayır” adlı filminin adı dəyişdirilərək “Bütün ömür boyu kimsə ağlayır” deyə təqdim olunub.

Ququş vətənindən uzaqda mühacir həyatı yaşasa da, sənət fəaliyyətinə ara verməyib. O, Amerikada və Kanadada konsertlər verir, yeni mahnılar yazdırırdı. Eyni zamanda İranda gedən prosesləri diqqətlə izləyirdi. 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq Nyu-Yorkda BMT-nin mərkəzi qərargahı qarşısında təşkil olunan aclıq aksiyasına qatılıb. Eyni zamanda həmin ilin 12 iyununda keçirilən seçkilər ərəfəsində İrandakı proseslərə də münasibət bildirib:

“Mən son bir ayda İranda baş vermiş bütün acınacaqlı olayları izləmişəm. Aksiyalarda qətlə yetirilmiş, yaralanmış dinc vətəndaşların şəkillərini görəndə dəfələrlə ağlamışam”.

Bütün bu çətinliklərə baxmayaraq, Ququşun uğurlarının aradı-arası kəsilmirdi. Xanım sənətkarın 2002-ci ildə “Qərib-e aşena” (“Tanış olan özgə”) mahnısı BBC tərəfindən Orta Şərqin ən tanınmış mahnısı adını qazanıb.

Qeyd etdiyimiz kimi, Ququşun ata tərəfdən 3 ögey qardaşı, ana tərəfdən isə bir bacı və bir qardaşı var. Onun doğma qardaşı isə 24 yaşında ürəktutmasından ölüb. Ququş indiyədək üç dəfə ailə həyatı qurub. İlk nikahından Kambiz adlı oğlu dünyaya gəlib.

(Ququş, oğlu Kambiz, nəvələri Maya və Dara ilə birlikdə)

Uzun müddətdir ki, Los-Angelesdə yaşayan Ququş ABŞ prezidenti Donald Trampın İran vətəndaşlarına 90 gün ərzində viza verilməməsi ilə bağlı fərmanından sonra narahatlıq keçirməyə başlayıb. O, mətbuata açıqlamasında hazırda Londonda olduğunu, bir neçə ay sonra vizasının müddətinin bitəcəyini deyib. Xanım müğənni hesab edir ki, ABŞ-a qayıdarkən vaxtilə İrandan gəldiyi və müsəman olduğu üçün problemlə üzləşə bilər:

“ABŞ-da yaşamaq üçün “Green Card”ım olsa da, bu, hər hansı problemin olmayacağına zəmanət vermir. Tramp məni öz evimə buraxmaya bilər. ABŞ-a buraxılmasam, nə edəcəyimi bilmirəm. İrana qayıda bilmərəm, ona görə də neytral bölgədə qalmağa məcbur olacağam”.

Müğənni Ququşun həyatı ilə bağlı aparılan araşdırma zamanı maraq doğuran məqamlar üzə çıxıb.

Ququşun 1945-1946-cı illərdə Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Ordunun polkovniki, əslən gəncəli olan Qulu Sübhinin nəvəsi olduğu deyilirdi. Bir çox hallarda bu məlumatın doğruluğu şübhə doğururdu.

Araşdırmamız zamanı məlum oldu ki, Qulu Sübhü Nuri (1907-1947) Marağa Qarnizonun polkovniki olub. Vətən fədaisi olan bu şəxs hakim rejim tərəfindən dar ağacından asılaraq, qəddarlıqla qətlə yetirilib.

Xəlil Rza Ulutürkün “Hara gedir bu dünya?…” peomasının “Çinar sınar, əyilməz…” adlı hissəsində Q.Sübhü ilə bağlı qeydləri var. Müəllif Azərbaycanın qəhrəman oğlu, Marağa qarnizonunun polkovniki Qulu Sübhinin asılması səhnəsini göz önündə canlandırıb. Şair, onun edam edildiyi zaman dar ağacının ipinin qırılmasını xüsusi vurğulayıb. O, qəhrəmanının dediyi “Çürüyən təkcə ipin, dar ağacının deyil, irticanın dayağının, bayrağının, ürəyinin, beyninin, varlığının belə çürüdüyünü bəyan edən sözləri qürurla yada salıb. Qulu Sübhinin sözləri yalnız İran irticasının ölümə məhkum olduğunu ifadə etmir, həm də bütün dünya irticasının, Amerika imperializminin də sonunun çatdığını xəbər verirdi.

 

 

Azadinfo.az Enter.News-a istinadən xəbər verir ki, AMEA Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli də Qulu Sübhü ilə fikirlərini azvision.az-la bölüşüb.

-Ququşun babası əslən Gəncədən olub. Amma o, İranda anadan olub. Ququşun Qulu Sübhünün nəvəsi olması ilə bağlı apardığınız araşdırma düzgündür. Buna görə sizə təşəkkür edirəm. Tarixi rəqəmlər bunu təsdiq edir. Qulu Sübhünün burada heç kəsi qalmayıb. O, böyük şəxiyyət olub. Ququş onun nəslinin davamçısıdır.

1938-ci ildə 70 min cənub mənşəli adamı buradan sürgün ediblər. Çox güman ki, Qulu Sübhünün atası və yaxud anası Cənub mənşəli olub. Gəncədən Cənubi Azərbaycana gediblər. .

***
Ququşun ailə üzvləri, yaxınları ilə əlaqələri olan müsahiblərimiz adlarının mətbuatda çəkilməsini istəməsələr də, əfsanəvi sənətkarın şəxsi həyatı ilə bağlı maraqlı məqamları bizimlə bölüşüblər.

-Ququşun ilk həyat yoldaşı Mahmud Qurbanı olub. O, çox imkanlı şəxs idi. İxtisasca musiqi tərtibatçısı idi, özünün şəxsi ansambılı vardı. Onlar 1967-ci ildə onlar ailə həyatı qurublar.

Ququşun Qurbanidən bir oğlu var. Adı Kambizdir. Təəssüf ki, cütlük 6 ildən sonra boşanıb.

(Ququş və keçmiş həyat yoldaşı Mahmud Qurbani)

Bir dəfə Ququşla əri Qurbani İtaliyaya getmişdilər. Qurbani həmin vaxt Ququşa xəyanət edirmiş. Ququş bundan xəbər tutub. Onların münasibətlərində bundan sonra soyuqluq yaranıb. Ququş oğluna görə bu barədə indiyədək heç kimə danışmır. Çünki, Qurbani onun oğlunun atasıdır. Həmin olaydan sonra onlar İrana qayıdıb, boşanmaq qərarına gəliblər.

Ququş ikinci dəfə 1975-ci ildə İranın məşhur aktyoru Bəhruz Vüsaqi ilə ailə qurub. Onların evliliyi cəmi 9 ay çəkib, 1976-cı ildə boşanıblar.

Bəhruz Vüsaqi İranın əfsanəvi aktyorlarından hesab olunur. O, 40 illik sənət fəaliyyəti dövründə 90-dan artıq filmdə çəkilib, televiziya, teatr və radio sahəsində çalışıb. Bəhruz Vüsaqi Ququşdan ayrılandan sonra yenidən evlənib. O, hazırda həyat yoldaşı Katerina Vüsaqi ilə birlikdə Kalifornia yaşayır.

Ququşun Bəhruz Vüsaqi ilə ayrılmasının səbəbi var. Belə ki, Ququş müğənnilik edirdi, Bəhruz isə gündəlik olaraq kino çəkilişlərində olurdu. Ququş bu səbəbdən Bəhruzu gec-gec görürdü. Onların bir-birilərini görməyə vaxtları uyğun gəlmirdi. Ququş Bəhruzun xatirinə 5-6 ay məclislərə gedib xanəndəlik etməyib. Daxilən çox əzab çəkib. Bəhruz Ququşun əzab çəkdiyini görüb. Buna görə də Ququşdan ayrılıb.

(Ququş və ikinci həyat yoldaşı Bəhruz Vüsaqi)
1970-ci illərin sonlarında Ququş Homayoun Mestaghi ilə qarşılaşıb. Onlar eşq macərası yaşamağa başlayıblar. 1979-cu ildə İranda İslam İnqilabı baş verib və İslamın qayda-qanunlarına görə Ququş Müstəqi ilə qeyri-qanuni, yəni nikaha girmədən yaxın əlaqələr qurduğuna görə üç ay müddətinə həbs edilib. Amma cütlük həbsdən sonra da ayrılmayıb, bir müddət bir yerdə yaşayıblar. 1985-ci ildə isə cütlük ayrılıb.
Mestaghi Ququşdan əvvəl müğənni Rameşini sevirmiş. Onunla münasibəti alınmayanda, Ququşla yaxınlıq etməyə başlayıb. Mestaghi dövrünün tanınan iş adamlarından olub.

İnqilab vaxtı Ququş İranda olmayıb. O, Amerikada olub. Məcburiyyətdən geri dönən Ququş İranda olan evini satmalı olub. İslam İnqilabı Ququşun həyat və kariyerasına böyük zərbə vurub. Hətta xanım müğənniyə “Bu gecə kimsə ağlayır” adlı son filmini görmək də nəsib olmayıb.

1979-cu ildə nümayiş edilməsi nəzərdə tutulan “Bu gecə kimsə ağlayır” filminə hakim rejim qadağa qoyub. Məşhurluğun zirvəsində olan Ququş ev dustağına çevrilib və onun oxumağı da qadağan edilib. Cəmi bir pəncərəsi olan dar mənzildə yaşayan Ququş təxminən 10 il ev dustağı olub.

Depressiya və təzyiq altında yaşamasına baxmayaraq, o istəklərindən əl çəkməyib. 1990-cı ildə Ququş yeni həyata başlayıb.

Məsud (Masoud) Kimiai ilə tanışlıq onun həyatında yeni mərhələnin başlanğıcı olub. 1991-ci ildə cütlük ailə həyatı qurub və bu ərəfədə Ququşub ifa etdiyi “Qəribi-aşina” mahnısı BBC tərəfindən yüksək qiymətləndirilib.

Ququş yenidən sənətə geri dönməyi bacarsa da, rejim ona öz təziqlərini davam etdirib. Azərbaycan, fars, ingilis, fransız, ispan, italyan dillərində mahnılar oxuyan Ququş ölkəsində 21 il ev dustağı kimi yaşayıb

Ququşun yeni həyat yoldaşı Masud Kimiai iranlı rejissor, senaristdir. O, 1941-ci ildə Tehranda doğulub. Kimiainin çəkdiyi ikinci film Qeysar filmi (1969) İran film tarixində xüsusi yer tutur. Bu filmdən sonra saysız-hesabsız uğurlar qazanıb. O, 1991-ci ilə qədər İranın məşhur pop müğənnisi Giti Pashaei ilə evli qalıb. Daha sonra isə Ququşla evlənib. 2005-ci ildə Məsud Kimiai və Ququş cütlüyü ayrılıb.

Uğursuz evliliklərdən sonra Ququş İranı tərk etmək qərarına gəlir. O, ilk vaxtlar Amerikada konsert verib geri qayıtmaq istəyirdi. Planlaşdırırdı ki, İranda daha iki filmdə rol alacaq. Amma Amerikada nəvələrindən ayrıla bilməyən Ququş İrana qayıtmaq fikrindən vaz keçir və Kimiaidən ayrılaraq öz həyatına davam edir. Bu, onun həyatında sonuncu evliliyi olub.

Ququş vaxtdan indiyə kimi heç kimlə sevgi münasibəti qurmayıb. Onun qəlibində yalnız sənhə və saysız-hesabsız tamaşaçıları var.

İllər keçsə də Ququş iztirablı uşaqlıq illərini unuda bilmir.

Yaxınlarının Ququşun uşaqlıq illəri ilə bağlı xatirələri:

-Valideynləri boşandığından Ququşun uşaqlığı çətin keçib. O, balaca vaxtlarından atası ilə pul qazanıb. Boyu mikrafona çatmayan balaca qızcığaz mahnı oxuyur, insanlara maraqlı tamaşalar göstərirdi. Atası evlənəndən sonra onun qara günləri başladı. Ögey anası Ququşu çox incidirdi. Bir gün ögey anası onu piləkəndən yerə itələyib. Həmin vaxt onun qolu sınmışdı. Bundan sonra Ququş sağla yox, sol əli ilə yazmağa başlayıb, ondan bəri Ququş bütün işlərini sol əli ilə görür. Ögey anası onu çox incidirdi. Ququş həmişə bunu özü də dilinə gətirir.

(Ququş və gənc yaşada vəfat edən doğma qardaşı Firudun)

Ququş gündüzlər küçələrdə mahnı oxuyar, axşamlar isə mədrəsəyə gedib təhsil alardı.

Bir dəfə balaca Ququşu Ərəbistana apardılar. O, səhnədə çıxış edirdi. Həmin vaxt Ərəbistan şahı onun çıxışını çox bəyənib və ona gözəl bir libas və qızıl kisəsi hədiyyə edib. Ququş səhəri gün həmin kisəni və geyimi aparıb şaha geri qaytarıb və deyib ki, apar bunu öz ölkəndəki uşaqlar evindəkilərə, yetimlərə ver. Onun bu hərəkətindən Şah çox təəcüblənib. Deyir ki, gör bu balaca qızcığaz öz ölkəsində nələr görüb ki, bu yaşında belə hərəkət edir.

Şah dönüb Ququşun atasına deyib ki, sən bu uşağı mənə ver, mən istədiyin hər şeyi sənə verərəm. Atası isə bundan imtina edib.

Ququş 17 yaşı olan zaman Mahmud Qurbaninin yanında işləməyə başlayır. O, çox pullu adam idi. Ququşla dostluq edirdi. Sonradan onların arasında sevgi münasibəti yarandı və ailə həyatı qurdurlar. Ququş saf insandır. O, kimdənsə namərlik görsə, heç vaxt onu bağışlamaz. Pisliklər yadından çıxsa da, bağışlaya bilmir. Ona görə də Mahmudu bağışlaya bilmədi.

Ququş bu yaxınlarda 68 yaşına qədəm qoydu. O, həmişə deyir ki, işini, heyranlarını çox sevir

(Ququş və oğlu Kambiz)
-Ququş İrandan yenicə Amerikaya gedən zaman başına qəribə hadisə gəlir. Əmirqasımı adlı pullu iranlı Ququşun qarşısına ağır şərtlər qoyur. Bu səbəbdən Ququş konsertlər verə bilmir. Onun işi Allaha qalır. Ququş deyir ki, lap iyirmi il olsa da, səhnəyə çımayacaq, amma həmin şəxslə də əməkdaşlıq etməyəcək. Bu zaman başqa bir iranlı Ququşun səhnəyə çıxmasına şərait yaradır. Bundan sonra o, konsert verməyə başlayır. Əmir Qasimin Amerikada iranlı şəbəkəsi vardı. O, artıq Ququşa maneə ola bilmədi.
Ququş Amerikada yaşasa da, dinini unutmur. O, illər öncə Məkkəni ziyarəti edib. Namaz qılır, oruc tutur. O, harada yaşamasından aslı olmayaraq kimliyini heç vaxt unutmayıb.
Bu yaxınlarda onun keçmiş həyat yoldaşı Mahmud Qurbani oğlu Kambizə deyib ki, nəvələrinin xatirinə Ququş yenidən ona geri dönsün və yenidən ailə qursunlar. Ququş bir mənalı şəkildə bundan imtina edib.
***
Müsahibin dediyinə görə, 17-18 il öncə Ququş İrandan çıxanda Mahmud Qurbani Amerikada idi. O, bilirdi ki, Ququş onunla əməkdaşlıq etməyəcək. Amma Qurbani istəyirdi ki, Ququş onunla işləsin və yenidən milyonlar qazansın. Ququş öyrənir ki, onunla işləməyi təklif edən adamlardan iri Qurbaninin yaxınıdır. Bu zaman Ququş onunla işləməkdən də imtina edir.

(Ququş nəvələri ilə birlikdə)
-Kanadada yaşayan Azərbaycan əsilli iranlı məşhur musiqiçi Iraj Hamdami:
-Mən Ququş xanımın ansambılında olan musiqiçiləri tanıyıram. Onlar erməni deyillər. Əksəriyyəti Azərbaycan əsillidir. Ququşun erməniləri sevməsi, ermənilərlə əməkdaşlıq etməsinə inanmıram. Çünki özüm hər şeyi görürəm. O, azərbaycanlıdır. Azərbaycanı çox sevir.
İngiltərədə yaşayan və bir zamanlar Ququş haqqında film çəkən produser, senarist Fərhad Zamani:
-Ququş İranda anadan olsa da, özünü azərbaycanlı kimi hiss edir. Mənim də bir tərəfim Azərbaycandandır. Mən də, Ququş xanım da Azərbaycanı görmək, orada insanların arasında olmaq istəyirik.
***
Ququşun yeganə oğlu Kambiz Ataşin hazırda Los-Anclesdə yaşayır. O, musiqi sahəsində ali təhsil alıb. Buna baxmayraq, idmanı, xüsusi ilə fitnesslə məşğul olur. O, iki övlad atasıdır. Övladlarının adı Maya və Daaradır. Onların 17 və 20 yaşları var. Ataşin həyat yoldaşından boşanıb. Hazırda övladları ilə birlikdə yaşayır.

Ququşun Azərbaycana olan sevgisi isə heç vaxt bitib-tükənməyib:

“Azərbaycanı sevirəm. Çünki mən azərbaycanlıyam. Çox istəyirəm ki, gedib vətənimdə konsert verim. Ümid edirəm ki, yaxın zamanlarda Azərbaycandakı sevənlərimlə görüşəcəyəm. Sizləri çox sevirəm”.

 

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir