Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi keçirilib

Beynəlxalq Diaspor Mərkəzi (BDM), Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİM-DER) və millət vəkili Mahir Abbaszadənin təşkilatçılığı ilə Azərbaycan xalqının qəhrəman oğlu Soltan bəy Paşabəyoğlunun Qars şəhərində xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Azadinfo.az SalamNews-a istinadən xəbər verir ki, Qarsın Köçköy məzarlığında keçirilən tədbir şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Mərasimi giriş sözü ilə açan BDM sədri dr. İsmayıl Ağayev tarixi şəxsiyyətin həyat və mübarizə yolu haqqında iştirakçılara geniş məlumat verib.

O, çıxışında on ilə yaxındır Soltan bəyin xatirəsinin əbədiləşdirilməsi istiqamətində BDM-in həyata keçirdiyi fəaliyyətin bu gün müsbət nəticə verməsinin sevindirici hal olduğunu bildirib. Soltan bəyin erməni daşnak silahlı qruplarına qarşı apardığı mübarizənin tariximizdə xüsusi yerinin olduğunu qeyd edərək, bu günkü gəncliyimiz üçün məhz onun kimi şəxsiyyətlərin örnək göstərilməsinin vacibliyini vurğulayıb. İ.Ağayev çıxışında Avropa Şurasını Türkiyəyə qarşı ədalətsiz qərarlarına son qoymağa, işğalçı Ermənistana təziqlərin artırılmasına səsləyib.

Daha sonra Qars Bələdiyyə başçısı əvəzi Fərid Yenicə, ASİM-DER sədri Göksəl Gülbəy, Soltan bəyin nəticəsi Kazım Laçın, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, qarslı işadamı Oruc Aküzüm və Qars Qafqaz Universitetinin Azərbaycanlı Tələbə Təşkilatının sədri Ayxan Qasımov çıxış edərək Azərbaycan xalqının iftixar duyduğu Soltan bəyin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycan dövlətinin öz qəhrəmanlarına qarşı göstərdiyi münasibəti və Türkiyə-Azərbaycan qardaşlığını daha da birləşdirən bu kimi tədbirlərin önəmindən danışıblar.

Tədbirdə iştirak edən Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev Qars valiliyinin və bələdiyyəsinin Soltan bəyin xatirəsinin əbədiləşdirilməsi istiqamətində göstərmiş olduqları dəstəyə görə minnətdarlığını bildirib. O, çıxışında qüdrətli Azərbaycan ordusunun prezident İlham Əliyevin komandanlığı altında işğalda olan torpaqlarımızın tezliklə azad olunacağını qeyd edib. Mərasimin sonunda Qars şəhər axundu Hacı Əhməd Ərdəm Qurani Kərimdən dualar oxuyub.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir