Elçibəylə Ter-Petrosyanın görüşü… – 24 ildən sonra ŞOK FAKTLAR

“Eçibəylə Ter-Petrosyan həmin görüşdə Kəlbəcərin işğaldan azad olunmasını müzakirə etmişdilər”

“Eçibəylə Ter-Petrosyan İstanbul görüşündə əlbəttə ki, Qarabağ məsələsi, Kəlbəcərin Ermənistan işğalından azad edilməsi məsələsi müzakirə olunmuşdu”.

Azadinfo.az bildirir ki bunu Moderator.az-a açıqlamasında sabiq baş nazir Pənah Hüseyn mərhum prezident Əbülfəz Elçibəyin Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla 1993-cü ilin aprel ayında İstanbulda baş tutuan görüşü barədə danışarkən deyib.

P.Hüseyn bildirib ki, həmin görüş Türkiyənin mərhum prezidenti Turqut Özalın vəfatı ərəfəsində baş tutmuşdu:

“Mən həmin görüşdə iştirak etməmişdim. Əbülfəz bəy Türkiyəyə mərhum Turqut Özalın dəfnində iştirak etmək üçün getmişdi. Həmin vaxt bir sıra xarici dövlət xadimləri, o cümlədən də Ermənistanın prezidenti Ter-Petrosyan da orada olmuşdu. O zaman belə bir görüşün təşkil olunması təklifi gəlmişdi və hər iki prezident buna razılaşmışdı.

Həmin görüş barədə Ter-Petrosyanın xatirələri, görüşdə iştirak etmiş bir çox şəxsin, o cümlədən də o dövrdə rəhbər vəzifədə işləmiş ermənilərin də müxtəlif yazıları var”.
Sabiq baş nazir prezidentlərin həmin görüşünün məqsədinə də aydınlıq gətirib:

“Konkret olaraq görüşün məqsədinə gəldikdə, həmin dövrdə Qarabağ məsələsinin nizama salınması üçün səylər göstərilirdi. Moskvada danışıqlar aparılmışdı, aprel ayının 8-də Yeltsinin hazırladığı plan Azərbaycan və Ermənistan prezidentlərinə göndərilmişdi. Daha sonra Amerika və Türkiyədən bu işə cəlb olunmuş şəxslərin iştirakı ilə üçlü bir proses başlamışdı. Bu prosesin ən mühüm nöqtələrindən biri həmin görüş idi və həmin görüşdə Qarabağ məsələsi müzakirə olunurdu. Görüşün əsasında Kəlbəcərin işğaldan azad olunması, daha sonra məsələnin birdəfəlik həll olunması ilə bağlı müzakirələr edilmişdi.

May ayının 5-də Əbülfəz Elçibəyin “Nezavistimaya” qəzetində müsahibəsi dərc olunmuşdu. Həmin müsahibədə Azərbaycan tərəfinin, Əbülfəz Elçibəyin mövqeləri əks olunmuşdu. Bu sülhnizama salma məsələsi ilə bağlı idi. O dövrdə faktiki olaraq Qarabağda müharibənin birdəfəlik qurtarması üçün proses gedirdi. Əvvəlcə Amerika, Rusiya və Türkiyənin işləyib hazırladığı Üçlər Planı hazırlanmışdı. Daha sonra Azərbaycan və Ermənistan da bu plana daxil oldu və plan 3+2 şəklində adlandı. Həmin görüşdən ciddi impuls alan bu prose, səhv etmirəmsə, mayın sonuna qədər davam etdi. Azərbaycan tərəfi də, Ermənistan tərəfi də bu sülh nizamasalma planını imzalamışdı. Mən mayın 23-də, Ermənistan tərəfi isə mayın 27-də imzalamışdı”.


Pənah Hüseyn qeyd edib ki, plana əsasən 40 gün müddətində işğalda olan ərazilərimiz boşaldılmalı idi:

“Sonradan ATƏT-in nizamasalma tədbirləri planı şəklində oldu, hətta Ter-Petrosyanın təkidi ilə, səhv etmirəmsə, iyunun 14-də qondarma Dağlıq Qarabağ parlamenti də o planı imzalamışdı.
Amma həmin dövrdə Azərbaycandakı hərbi qiyam və siyasi böhran erməni tərəfinə belə bir əsas verdi ki, Azərbaycandakı hadisələr başa çatana qədər planın icraası məsələsini ləngitsinlər. Plana uyğun olaraq iyunun 20-də Kəlbəcərdən, daha sonra 40 gün ərzində digər ərzailərimizdən də erməni qoşunlarının çıxarılması, Qarabağın status ilə bağlı məsələlər, o cümlədən bir sıra məsələlər müzakirə edilmişdi. Ən mühüm məsələ isə o dövrdə Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsi idi”.
Rumiyyə MİRASLAN

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir