Azərbaycanda polis özünü zəhərləyib uşağı xilas etdi

Bakıda bir neçə gün öncə 50 nəfərdən çox insanı, o cümlədən 8 uşağı xilas edən polislərdən biri danışıb.

İstipress xəbər verir ki, aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binanın qarşısından keçəndə, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları – polis serjantları İbrahim Məmmədov, Rəşad Mustafayev və Asif Məmmədov çoxmərtəbəli binalardan birindən qatı tüstü qalxdığını görüb təcili hadisə yerinə yaxınlaşıblar. Polis əməkdaşları təcili Alayın və RPİ-nin Növbətçi hissələrinə, Fövqəladə Hallar Nazirliyinə, təcili yardıma xəbər veriblər. Alayın komandanlığından verilən əmrdə təcili bir-bir evlərə gedib yatan, hadisədən xəbərsiz sakinləri oyatmaq, azyaşlı körpələri, qoca, kimsəsiz, özü yeriməyə imkanı olmayan insanları xilas etmək tapşırılıb.

Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün şəxsi heyəti hadisə yerinə birincilər sırasında çatıb. Polislər əleyhqazı geyərək sakinləri təxliyə etməyə başlayıblar. Polislər axırıncı mərtəbəyə qədər sürətlə qalxıb bütün evlərin qapılarını döyüb evdəkiləri xəbərdar ediblər. Tezliklə yanğının binanın kabel şaxtasında yaranmış problemlə əlaqədar olması müəyyən edilib.

Polis serjantı İbrahim Məmmədov: “Valideynlərdən biri evdə uşağının qaldığını deyib. Özü düşsə də, uşagı götürə bilməmişdi. Tez həmin evə çatıb, qapını açmaq istəyəndə dəstək qopub əlimdə qaldı. Yüngül materialdan hazırlanmış qapı istidən ərimişdi… Axırıncı körpəni qucağıma alanda onun tüstüdən vəziyyətinin pisləşdiyini görüb, öz əleyhqazımı çıxarıb ona verdim. Aşağı düşəndə artıq özümdə də güclü başgicəllənmə, zəhərlənmə hiss etdim. Təqribən 40 dəqiqə sonra yanğın söndürüldü. Bir an əvvəl ölümlə göz-gözə olsaq da, indi biri-birimizi təbrik edirdik ki, hadisə itkisiz başa çatdı”.

Qeyd edək ki, zəhərlənmə diaqnozu ilə 3 polis əməkdaşı respublika Toksikologiya mərkəzinə aparılıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir