İngilis planı: Vəhhabilik necə yarandı? – Məkkənin işğalı

Vaxti ilə ingilislərin müstəmləkələrə çevirdiyi ölkələrə nəzarət etmək üçün 1710-cu ildə xüsusi bir nazirlik – Müstəmləkələrə nəzarət nazirliyi (MNN) quruldu. Müstəmləkələrə nəzarət nazirliyi 10 casus təyin etdi ki, bunlardan biri də Mister Hemfer idi.

Bu casusuların ilk tapşırığı iki maddədən ibarət olur:

1. Ələ keçmiş əraziləri əldə saxlamaq.

2. Ələ keçməmiş əraziləri ələ keçirmək.

Bunları Hindistan, Çin, Fransa, Rusiya kimi böyük dövlətlərə və əsasən müsəlman ölkələrinə başda Türkiyə, Misir, İraq, Nəcəf və İrana göndərirlər. Mister Hemfer ilk olaraq Türkiyəyə-İstanbula gedir. İstanbulda Əhməd əfəndi adında bir alimlə tanış olur. Mister Hemfer Əhməd əfəndiyə deyir: “Mənim valideynlərim ölüb, özümə də heç bir şey miras qalmayıb. İstəyirəm həm dini öyrənim, həm də işləyib pul qazanım. Əhməd əfəndi deyir: “Sənə üç səbəbdən ötrü hörmət lazımdır:

1. Sən müsəlmansan. Unutma ki, bütün müsəlmanlar qardaşdırlar.

2. Sən qonaqsan. Peyğəmbər (s) buyurur: “Qonağa hörmət edin”.

3. Sən işləmək istəyirsən. Çalışıb işləmək də savabdır”.

Mister Hemfer iki il ərzində islamı (Hənəfi fiqhini) və Quranı öyrənir. Cümə günləri isə bir dülgərin yanında işləyir. Həmçinin Əhməd əfəndi ona ərəbcə və türkcə dil dərsləri də keçir. Hemfer tez bir müddətdə Əhməd əfəndinin hörmətini qazanır. Əhməd əfəndi qızını ona vermək istəsə də, o, bundan imtina edir. İstanbulda öz işini bitirən Mister Hemfer yeni tapşırıq almaq üçün Londuna gedir. Altı ay Londonda qalır və əmisi qızı Mariya ilə evlənir. Bu vaxt onun 22 yaşı olur.

MNN Mister Hemferə iki maddədən ibarət yeni bir tapşırıq verir:

1. Müsəlmanların zəif nöqtələrini öyrənib qarşıdurma yaratmaq üçün onları qruplara bölmək.

2. Bunları etdikdən sonra ümumi proqramı tədricən həyata keçirmək.

Tapşırığı alan Mister Hemfer Bəsrə şəhərinə gəlir. Bu şəhərdə həm şiə, həm də sünni olur. O, şiələrin də fiqhini öyrənir. Mister Hemfer deyir ki:

“Mən bir dəfə MNN-də dedim ki, əgər müsəlmanlar öz aralarındakı ixtilafı başa düşüb, sünni-şiə söhbətini aradan qaldıra bilsəydilər, birləşərdilər”. Mənə dedilər: “Sənin vəzifən bu ixtilafı qızışdırmaqdır, onları birləşdirmək yox”.

Mister Hemfer bir müddət Bəsrədə baqqal dükanında qalır və fars dilini öyrənir. Mister Hemfer deyir: “Bir gün bir cavan oğlan iştirak etdiyim məclisə gəldi. O, ərəb fars və türk dilini bilirdi. O, son dərəcə çılğın, yüksək səslə danışan və əsəbi bir adam idi. Həmişə Osmanlı hökümətini pisləyərdi. Bu cavanın adı Muhəmməd ibn Əbdül-vəhhab idi. O, zahirən özünü sünni kimi qələmə verirdi. Amma o əhli-sünnənin dörd məzhəbdən olmasını qəbul etmirdi və deyirdi ki: “Quranda məzhəblər haqda heç bir dəlil yoxdur. O, peyğəmbərin (s) hədislərinə heç bir əhəmiyyət vermirdi. Əbdül-vəhhab özünə güvənən və lovğa biri idi. O, deyirdi: “Peyğəmbər buyurub: “Mən sizin aranızda Quranı və sünnəni əmanət qoyuram”. Peyğəmbər deməyib ki: “Mən Quranı, sünnəni, səhabə və məzhəb alimlərini əmanət qoyub gedirəm”.

Mister Hemfer deyir: “Mən axtardığımı tapmışdım. Əbdül-vəhhabın alimlərə hörmətsizliyi, heç bir məzhəbə inanmamağı, Quran və sünnəni öz fikirlərinə uyğun təfsir etməsi onun zəif cəhətləri idi. Onu yoldan azdırmaq çox rahat idi”. Əbdül-vəhhab Əbu Hənifəyə çox yüngül bir şəxsiyyət kimi baxır və “mən ondan daha çox bilirəm”, – deyirdi. Mən onunla çox yaxın və səmimi bir əlaqə qurdum. Daim onu tərifləyərdim. Bir dəfə ona dedim: “Sən Ömər və Əlidən daha böyüksən. Əgər peyğəmbər həyatda olsaydı, səni öz canişini təyin edərdi. Mən islamın sənin əlinlə genişlənib yüksələcəyini görürəm. İslamı bütün dünyaya ancaq sən yayacaqsan”.

Mister Hemfer deyir: “Əbdul-vəhhabla qərara gəldik ki, Qurana yeni bir təfsir yazaq. Elə bir təfsir ki, bütün təfsirlərə müxalif olsun. Bu işdə məqsədim onu tamam yoldan azdırmaq idi. Əbdül-vəhhab da mənim etimadımı qazanmaq üçün dediklərimi qəbul edirdi. Bir gün ona dedim ki, şərab haram deyil. O, mənə nə qədər Quran ayəsi və hədis gətirsə də, mən hamısını inkar edib deyirdim. Yezid və onun kimi bəzi xəlifələr şərab içmişlər. Özünü onlarla müqayisə et. Gör onlar düz yoldadadılar, yoxsa sən. Onlar Quran və sünnəni səndən daha yaxşı bilirdilər. Şərab Quranda haram yox, məkruhdur. Əbdül-vəhhab bu sözlərdən sonra içki içir”.

Mister Hemfer bu barədə MNN (Müstəmləkələrə Nəzarət Nazirliyinə) xəbər verir. MNN deyir: “Biz İspanyanı (Əndəlusu) da içki və zina ilə ələ aldıq”. Sözünə davam edən Mister Hemfer yazır: “Ona dedim: “Allah Quranda buyurur: “Rəbbinizi zikr etməklə səcdə edənlərdən ol”. Bu ayədən belə nəticə çıxır ki, namaz əvəzinə Allahı zikr etmək də olar. Əbdül-vəhhab: “Düz deyirsən! Bəzi mötəbər şəxslər olub ki, namaz əvəzinə Allahı zikr ediblər”, – dedi. Onun bu sözünə çox sevindim. Çünki, onda namaz haqda bu cür fikir yarada bilmişdim. Sonralar gördüm ki, o, namaza əhəmiyyət vermir, bəzən qılır, bəzən qılmırdı. Əsasən sübh namazını qılmırdı. Mən iman libasını yavaş-yavaş onun əynindən çıxartdım”.

Mister Hemfer bir müddət Əbdül-vəhhaba bu cür təbliğat aparır və hər ay öz fəaliyyəti ilə bağlı MNN-nə məlumat göndərir. O, məlumatlardan birində yazırdı: “Bir gün ona yuxu gördüyümü söylədim. Dedim ki, dünən gecə peyğəmbəri (s) yuxuda gördüm. O, bir kürsüdə əyləşmişdi. Sən içəri daxil olanda üzündən nur saçılırdı. Peyğəmbər (s) sənin alnından öpdü və dedi: – Sən mənim elmimin varisisən. Din və dünya işlərimdə vəkilimsən.

Sən dedin: “Ya Rəsulullah! Mən öz elmimi insanlara açmağa qorxuram. Peyğəmbər (s) buyurdu: “Sən dahisən, heç nədən qorxma”. Əbdül-vəhhab bu yuxuya o qədər inanır ki, hətta Mister Hemferden bir neçə dəfə soruşur ki, sən həqiqətən belə bir yuxu görmüsən ya yox?

Bir sözlə Əbdül-vəhhab Mister Hemferin əlində oyuncaq olmuşdu. Elə ki, Əbdül-vəhhab Mister Hemferin yuxusunu eşidir, bu yuxudan sonra o, məzhəb qurmaq fikrinə düşür. Amma ilk öncə əhalinin ona qarşı çıxacağından qorxur və buna cəsarət etmir. Bundan xəbər tutan MNN Əbdül-vəhhaba lazım olan qədər pul, hətta təhlükəsizliyini qorumaq üçün əsgər də göndərir. Bundan ürəklənən və cəsarətə gələn Əbdül-vəhhab hicri qəməri 1143, miladi 1730-cu ildə öz çirkin fəaliyyətini yaymaq üçün tərəfdar yığmağa başlayır. Daha sonra Məhəmməd ibn Səud da ona qoşulur. Dini işlərə Əbdül-vəhhab, siyasi işlərə Məhəmməd ibn Səud rəhbərlik edir və beləliklə, Dəriyyə şəhərində Vəhhabi firqəsi yarandı. Əbdül-vəhhab Mister Hemferin iki planını həyata keçirdə bilmir:

1. Kəbəni dağıtmaq.

2. Quranın təhrif olunmuş variantını çap edib yaymaq.

Hərbi əməliyyatlar

Əbdül-vəhhab özünə dəstə düzəldərək islama zidd fikirlərini yaymağa başlayır. Alimlər onların açıq-aşkar islamla mübarizəsini gördükdə onları 1745-ci ildə həbs edirlər. Vəhhabilər 1785, 1797-1798-ci ildə Məkkə və Mədinəyə hücum edib oranı işğal etmək istədilər. Nəhayət, 1800-cu ildə vəhhabilər şəhəri hər tərəfdən mühasirəyə alıb, şəhərin giriş və çıxışını bağlayırlar. Mühasirədə olan Məkkə əhalisi şiddətli aclıq çəkir. Hətta iş o yerə çatır ki, camaat it və pişik əti yeməli olur. Aclıq və çətinliyə dözə bilməyən əhali vəhhabilərlə müqavilə bağlayır. Bundan sonra vəhhabilər şəhərə daxil olub yeddi il orda hakimlik etdilər. Bu illər ərzində Kəbəyə qarşı hörmətsizlik olundu və insanlar yeddi il həcc ziyarətinə gedə bilmədilər. Həmçinin Mədinəyə hücum edərək islam peyğəmbərinin (s) məzarı yerləşən müqəddəs otağı dağıdıb içində olan qiymətli əşyaları və xəzinəni qarət etdilər. Bütün bunlar o zaman baş verirdi ki, Osmanlı dövlətinin daxilində parçalanma gedir, sultanlar tez-tez dəyişir, başqa dövlətlərlə müharibə aparırdı. Elə ki, Osmanlı dövlətinin başı müharibədən açıldı və gördü ki, vəhhabilər Məkkə, Mədinə, Yəmən, Şam, Misir və Hicazı talan edib xaraba qoyurlar. 1806-cı ildə Sultan II Mahmud vəhhabilərin üzərinə Tosun paşanın komandanlığı ilə ordu göndərsə də, döyüş məğlubiyyətlə başa çatır. Bu məğlubiyyətdən sonra Osmanlı dövləti 1807-ci ildə Məhəmməd Əli Paşanın başçılığı altında hazırlıqlı və mütəşəkkil bir ordu göndərir. Bu ordu vasitəsi ilə vəhhabiləri o torpaqlardan çıxarırlar. Vəhhabilər əvvəlki mərkəzlərinə Dəriyyə şəhərinə qaçırlar. Vəhhabilər görəndə ki, insanlar azad şəkildə onları qəbul etmir, başladılar məcburi şəkildə onları vəhhabiləşdirməyə. Hər kim vəhhabiləri qəbul etmirdi, onları ayaqyalın şəkildə səhraya aparır və öldürməklə hədələyirdilər. Hətta onları qəbul etməyən, lakin Quran oxuyub öyrətməklə məşğul olan insanların da başlarını kəsirdilər. İş o yerə çatır ki, vəhhabilər məscidə girib rüku və səcdədə olanları qətlə yetirirdilər. Məsciddə olan Quran və hədis kitablarını küçəyə ataraq onu ayaqlayıb keçirdilər. (Bu hadisələr hicri qəməri 1217-ci ildə baş verib). Vəhhabilərin bu işlərini görən islam dünyasının görkəmli alimləri vəhhabiləri kafir adlandırırlar. Bu batil və azğın firqə yaranan gündən, dininə məhəbbət bəsləyən hər bir alim o firqənin batil olması haqda kitablar yazıblar.

(“İngilis casusunun etirafları və ingilislərin islamla düşmənçiliyi” (ingilis dilindən tərcümə edən M.Siddiq Gümüş – türkcə 1999).

axar.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir