“Qolundakı 40 min dollarlıq saatı ona həmin erməni bağışlayıb” – ŞOK MÜRACİƏT…

“Emre Piliç Gida Sanayi ve Ticaret Limited” Şirkətinin rəhbəri Ömür Oral prezident İlham Əliyevə Müraciət ünvanlayıb.

Azadinfo.az bildirir ki bu barədə mətni Moderator.az -a göndərilən müraciətdə deyilir:

“Emre Piliç Gida Sanayi ve Ticaret Limited” Şirkətinin
Rəhbəri Ömür Oral tərəfindən

B Ə Y A N A T

“Emre Piliç” Şirkəti ilə Mürvət Həsənli arasında mövcud olan borc mübahisəsinə həsr edilmiş 10 mart 2017-ci il tarixli mətbuat konfransından sonra qarşı tərəfin başlatdığı çirkin kampaniyaya Bəyanatla cavab verməyi uyğun saydım.

Bir daha bildirirəm ki, mən əslən Şəki rayonunun Göynük kəndindənəm. Mənim babalarım hələ ötən əsrdə Türkiyə ərazisinə köçüb orada daimi yaşasalar da, bizlər hər zaman Azərbaycanı özümüzə Vətən sayırıq.

Azərbaycana yatırdığım investisiya ilə bağlı hazırda yaşanan problemlərə baxmayaraq, mən bacardığım qədər yenə də Vətən saydığım ölkənin yanındayam və maliyyə itkilərinə baxmayaraq, quşçuluq sahəsinin inkişaf etdirilməsi, əhalinin qida təhlükəsizliyinin təmin edilməsi üçün əlimdən gələn əməkdaşlığı edirəm.

10 mart 2017-ci il tarixdə keçirilmiş mətbuat konfransında səsləndirdiyim fikirlərin hazırda başqa istiqamətə yozulması və doğma Azərbaycan millətimin düşüncələrində mənə qarşı ədavət, ikrah toxumlarının səpilməsi təsadüfi deyil, bu məqsədli və planlaşdırılmış bir tədbirdir.

Həmin mətbuat konfransında bildirdiyim kimi, “Emre Piliç” Şirkətinin təsisçilərindən ikisi Arto Sevan Oksayan və Andranik Raffi Bozaçıyan erməni əsilli Türkiyə vətəndaşlarıdır. Onu da vurğulamışam ki, bu şəxslər heç zaman Ermənistanda olmayıb, Ermənistanı özlərinə vətən hesab etmirlər. Bu şəxslər Türkiyədə yaşamış 3-4 nəsillik kökə sahib olmaqla, Türkiyə Respublikasının vətəndaşlarıdırlar və Türkiyəni özlərinə Vətən sayırlar.

M.Həsənli hazırda borcun qaytarılmasından yaxa qurtarmaq üçün “Emre Piliç” Şirkətinin 30 faiz payla təsisçiləri ermənilərdir desə də, Türkiyəyə səfər edərkən həmin erməni təsisçi ilə çoxsaylı ziyafət və sıx münasibətlərini, deyəsən, tamam unutmuşdur. M.Həsənlinin şərəflə gəzdirdiyi 40 000 ABŞ dolları dəyərində qol saatını da məhz həmin erməni ona ad günündə hədiyyə etmiş və bu hədiyyənin təsirindən məftun olmuş M.Həsənli hər yerdə bu hədiyyəni ona Türk ortaqları hədiyyə etdiyini qururla hamıya bildirmişdir. Hətta, M.Həsənli oğlumun kirvəsi olsa da, Türkiyədə olduğu müddətdə məndən çox hazırda erməni adlandırdığı kişilərlə görüşürdü.

Hazırda məni ən çox sarsıdan Azərbaycanın bəzi dairələrinin M.Həsənlinin oyununa dəstək verməsi və hüquq-mühafizə orqanının bu oyunun investisiya mühitinə olan dağıdıcı zərbəsinə qarşı biganəliyidir. Axı bir müddət öncə həmin M.Həsənli Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Tural Aslanovun iş otağında mənə yalvararaq şikayətdən imtina etməyimi və ona güzəşt etməyimi xahiş etmişdir. Məhz buna görə də mən ona 200 min ABŞ dollarına yaxın güzəşt etmiş, bundan sonra isə həmin Baş İdarənin təkidi ilə M.Həsənli ilə aramızda 1,3 milyon ABŞ dollarına dair borc müqaviləsi bağlanmışdır. 2016-cı ilin dekabr ayında həmin məbləğ artıq mənə qaytarılmalı idi, lakin M.Həsənli pulu qaytarmadı və vətənpərvər obrazını yaratmaqla, “Emre Piliç” Şirkətinin təsisçilərinin erməni olduqlarını tirajlamaqla özünün haqlı olduğunu ictimaiyyətə sübut etmək istəyir. Mətbuatdan göründüyü kimi, M.Həsənli hətta qol saatını da müvəqqəti çıxararaq, işğaldan azad edilmiş Cocuqmərcanlı kəndində quşçuluq fermasının təsis edilməsini düşünür və sahibkarları özü kimi vətənpərvər olmağa səsləyir.

Mətbuat konfransında səsləndirdiyim “Türkiyədə doğulanmı ermənidir, yoxsa Ermənistanda doğulan?!” ifadəsinin ictimaiyyətin bəzi təbəqələri tərəfindən “Ermənistanda doğulan azərbaycanlılar ermənidir” ifadəsi ilə eyniləşdiriləcəyini ağlıma belə gətirə bilməzdim. Mən, əlbəttə ki, bunu nəzərdə tutmurdum. Anlatmaq istədiyim o idi ki, ata-babaları və özü Türkiyədə doğulmuş, bir dəfə də olsun Ermənistana səfər etməmiş, Türkiyənin vətəndaşı olan erməni bizim düşmənimizdirmi, yoxsa Ermənistanda doğulmuş, Azərbaycana nifrət edən, Vətənimizə qarşı müharibə və terror törədən işğalçı erməni bizim düşmənimizdir?! Bu iki erməni arasında əlbəttə ki, əhəmiyyətli fərqlər vardır.

“Emre Piliç” Şirkətinə qarşı hazırda davam edən qarayaxmanın bir səbəbi M.Həsənlinin borclu olduğu pul vəsaitinin qaytarılmaması olsa da, digər mühüm səbəbi tamam başqadır. Belə ki, “ÖMÜR ORAL” Şirkətlerinin ekoloji təmiz məhsulları iqtisadi cəhətdən (dəyəri, idxal xərcləri və s.) Azərbaycan üçün olduqca əlverişli olduğundan, Azərbaycanda fəaliyyət göstərən toyuq məhsulları şirkətləri məhz “ömür oral” Şirkətlerinden mal almağa maraq göstərirlər. “ömür oral” şirketleri olaraq “şapka”, “otkat”, “qara yollar”la işləmədiyimizdən Azərbaycanın bəzi monopolist təbəqəsi ilə dil tapa bilmirik, məhz buna görə də bizim Şirkəti sıxışdıraraq Azərbaycan bazarından çıxarmaq istəyirlər. Diffamasiya kompaniyasına baxmayaraq, Azərbaycanın bir sıra nüfuzlu quşçuluq müəssisələri ilə hal-hazırda işgüzar münasibətlərimiz mövcuddur. M.Həsənli ilə aramızda yaşanan mübahisədən sonra, məndə olan məlumatlara əsasən, bir neçə tanınmış iş adamları M.Həsənliyə qarşı pul tələbi ilə bağlı məhkəmələrə müraciət etmişlər. Həmin iş adamları dəfələrlə bildirmişlər ki, M.Həsənlini yüksək vəzifəli məmurlar himayə edir, bu səbəbdən də ona qarşı başladığımız mübarizə digər iş adamları üçün də bir örnək və “M.Həsənlinin toxunulmazlığı” əfsanəsinin məhvi oldu.

Türkiyənin ən iri müəssisələrindən birinin rəhbəri olmaqdan əlavə, mən həmçinin Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvüyəm. Azərbaycanı özümə Vətən hesab etdiyimdən, tanıdığım iş adamlarını Azərbaycana sərmayə qoymağa daim çağırır və hazırki problemlərə baxmayaraq, 04 aprel 2017-ci il tarixdə Türkiyədə keçiriləcək və Azərbaycanın yüksək vəzifəli məmurlarının iştirak edəcəyi iri miqyaslı investisiya konfransında da xarici iş adamları ilə bu istiqamətdə dialoq qurmağa, onları inandırmağa çalışacağam. Ölkə başçısı cənab İlham Əliyev özü də bir çox çıxışlarında xarici investisiyaların cəlb edilməsi və qorunması sahəsinə xüsusi diqqət yetirməyi, bu sahəni daim nəzarətdə saxlamağı dövlət məmurlarına tapşırır. Bu bir aksiomadır ki, iş adamları daha çox investisiyaların qorunduğu, məhkəmə və hüquq-mühafizə orqanlarının həqiqi işlək vəziyyətdə olduğu ölkələrə maraq göstərirlər. Buna görə də, xarici iş adamları mənim və mənim kimi digər iş adamlarının üzləşdiyi bu tipli problemləri görüb, Azərbaycana sərmayə qoyuluşlarından çəkinir, habelə daha da böyük ziyana uğramamaq üçün buradakı fəaliyyətlərini bağlayırlar.

Hazırki Bəyanatı yaymaqla ölkə ictimaiyyətindən, iş adamlarından xahiş edirəm ki, M.Həsənlinin apardığı diffamasiya kompaniyasına qarşı ayıq və tənqidçi mövqe nümayiş etdirilsin, ölkə rəhbərliyindən isə xahiş edirəm ki, mənə qarşı törədilən qanunsuzluqlara son qoyulması, ölkənin investisiya mühitinin qorunması üçün müvafiq tədbirlər görülsün.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir