Lavrov “Azərbaycanın işğal altında olan torpaqları” ifadəsinin yerinə çox qəribə cümlə işlətdi

“DQ-nin ətrafında olan və Azərbaycanın nəzarət etmədiyi rayonlar…”

Məmmədyarov münaqişənin həlli üçün ən vacib şərti Lavrovdan fərqli olaraq çox konkret dedi

Rusiya və Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafında həlledici rolu ölkə rəhbərlərinin və hökumət nümayəndələrinin müntəzəm görüşləri oynayır. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü zamanı deyib.
S.Lavrov qeyd edib ki, ölkələr arasında parlamentlərarası əlaqələr inkişaf edir və xaric işlər nazirliklərinin qarşılıqlı fəaliyyəti bütün sahələrdə münasibətlərin inkişafını təmin edir.
Bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır, ötən 25 il ərzində ölkələr arasındakı qarşılıqlı münasibətlər ciddi çətinliklərə və sarsıntılara məruz qalmayıb. Bunu isə E.Məmmədyarov deyib. E.Məmmədyarov qeyd edib ki, ticarət dövriyyəsinin daha da böyüməsi üzərində işləmək lazımdır.
Onun sözlərinə görə, Moskvaya səfəri zamanı regional və beynəlxalq məsələlərin müzakirə olunacağı və iki ölkənin xarici işlər nazirlikləri arasında məşvərətlərin keçirilməsi və tədbirlər planının imzalanması planlaşdırılır.
S.Lavrov deyib ki, Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır, hər iki ölkənin mövqeyi bir çox məsələlərdə üst-üstə düşür. Nazir qeyd edib ki, danışıqlar konstruktiv keçib və tərəflər gələcək görüşlərin qrafikini, eləcə də iqtisadi sahədə vəziyyəti müzakirə ediblər.
S.Lavrovun sözlərinə görə, Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini davam etdirəcək.
“Dağlıq Qarabağ münaqişəsinin bəzi əsas məsələləri həll olunmamış qalır”. Bunu S.Lavrov E.Məmmədyarovla görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, məsələlərin əksəriyyəti ilə bağlı qısa zamanda razılıq əldə etmək olar, amma əsas məsələlərin həlli uzanır.
Öz növbəsində Elmar Məmmədyarov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas məsələ siyasi iradənin mövcudluğudur.
Onun sözlərinə görə, Azərbaycan üçün işğal olunmuş torpaqların geri qaytarılması milli maraqlara cavab verir: “Bizim üçün gərginliyin azaldılması çox vacibdir. Başa düşmək lazımdır ki, danışıqlar gedən zaman toplar susur”.
Nazir bildirib ki, rəsmi Bakı substantiv danışıqların keçirilməsində təkid edir.
“Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək” deyə Lavrov bildirib (APA). O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: “Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır.
Nazir qeyd edib ki, bu aspektlərin əksəriyyəti ilə bağlı anlaşma var. “Lakin yekun paket üçün əsas olan 2-3 konkret mövzu hələ müzakirə olunur. Gizlətməyəcəyəm, tərəflər bu aspektlərə ümumi anlaşmaya gəlməkdən çox uzaqdır”.
Lavrov bildirib ki, Moskvada müzakirə olunan Qarabağ nizamlanmasına aid 2-3 əsas məsələ əlavə səylər tələb edir.
E. Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır.
Nazir Rusiyanın münaqişənin həlli istiqmətində ciddi səylər göstərdiyini də qeyd edib: “Bakının üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya bu istiqamətdə ciddi səylər göstərir. Biz bu məsələni bu gün də detallı müzakirə etdik.
İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır”.
E.Məmmədyarov isə beş Xəzəryanı ölkənin Xəzərin statusu ilə bağlı vahid mövqeyə malik olduğunu deyib. E.Məmmədyarov qeyd edib: “Bu məsələdə irəliləyişlər üçün yaxşı gözləntilər var”.
Rusiya XİN rəhbəri Sergey Lavrov öz növbəsində bildirib ki, Moskva Xəzəryanı ölkələrin XİN rəhbərlərinin qarşıdakı görüşündə Xəzərin statusu ilə bağlı razılaşmaya gəlinəcəyinə ümid edir.
“Rusiya-Azərbaycan-İran formatı artıq mövcuddur və işləyir” – E.Məmmədyarov deyib. Onun sözlərinə görə, bu format regionda sabitliyin amili hesab olunur.
Nazir qeyd edib ki, Türkiyənin iştirakı ilə yaradılan formatlar da böyük iqtisadi perspektivlərə malikdir və bu kontekstdə Rusiya, Türkiyə və Azərbaycan formatı da maraqlı ola bilər.
Öz növbəsində Sergey Lavrov da rəsmi Moskvanın həm Rusiya-Azərbaycan-İran formatını, həm də Türkiyə ilə əməkdaşlığı perspektivli hesab etdiyini deyib.

baki-xeber.com

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir