Şəhidlik arzusu çin olan zabitimizlə bağlı Almaniyadan Prezidentə MÜRACİƏT- VİDEO

Azadinfo.az bildirir ki bu barədə Moderator.az-a hazırda Almaniyada yaşayan Birinci Qarabağ savaşının iştirakçısı, müharibə veteranı Yadigar Xanmuradovdan prezident İlham Əliyevə ünvanlanmış müraciət daxil olub.

Yadigar Xanmuradov müraciətində ölkə başçısından aprel döyüşlərində şəhid olmuş zabitimiz Pəncəli Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsini xahiş edir.

Həmin məktubu olduğu kimi təqdim edirik:

“Möhtərəm cənab Prezident!
Azərbaycan torpağı müqəddəs və toxunulmaz bir qoruğumuz, biz, Vətən övladları isə onun keşikçiləri, qoruqçularıyıq. Bu Vətən adlı müqəddəs bir qoruğun qorunmasında Azərbaycan əsgərlərinin, hərbçilərinin fədakarlığı və qəhrəmanlığı danılmazdır. Belə hərbçilərdən biri də 2-ci Qarabağ savaşının iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Pəncəli Teymurovdur.
Pəncəli Nurməmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində dünyaya gəlmişdi. O, 1986-cı ildə Əzərüd kənd ibtidai məktəbinə getmiş, 1991-ci ildə həmin məktəbin IV sinfini bitirdikdən sonra qonşu Əsxənəkəran kənd tam orta məktəbinin V sinfində təhsilini davam etdirmiş və 1998-ci ildə həmin məktəbin XI sinfini bitirmişdi.
Pəncəli Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sırasına həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətdə ikən Pəncəli könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna yazılmış, həm Bakıda gizir məktəbində (TTM), həm də Türkiyənin Xüsusi Kəşfiyyat Məktəbində təhsil almışdır. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Pəncəli Teymurov hərbi xidmətini kəşfiyyatçı-gizir kimi könüllü olaraq davam etdirmişdir. O, ömrünün 35 ilindən demək olar ki, yarısını – 17 ilini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etməyə həsr etmişdir. Bu müddət ərzində o, özünü bacarıqlı bir hərbiçi kimi doğrulda bilmişdi. Elə məhz buna görədir ki, Pəncəli Teymurov 26 iyun 2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi” medalı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 iyun 2010-cu il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, 24 iyun 2013-cü il tarixdə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi” medalı ilə, 20 yanvar 2014-cü il tarixdə Türkiyə Cümhuriyyətinin Xüsusi Təyinatlı Qüvvələrinin “Qızıl Bayraq” medalı ilə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 02 iyul 2014-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 fevral 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur.
Pəncəli Teymurov Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlər göstərdiyinə, xidməti vəzifələrin və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə məhz Sizin – Azərbaycan Prezidentinin 24 iyun 2015-ci il tarixli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Bundan əlavə, hərbi xidmətdə fərqləndiyinə görə Pəncəli Teymurov Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi tərəfindən 8 Fəxri Fərmana, Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin komandanlığı tərəfindən “Xüsusi Tərifnamə”yə layiq görülmüşdü.

Pəncəli Teymurov 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqda fəal iştirak etmiş, Talış kəndi və onun ətrafındakı yüksəkliklərin düşməndən geri alınması zamanı şəhid olmuşdur. Onun meyiti 2016-cı il aprelin 3-dən 10-na kimi düşmən əlində girov qalmışdır. Şəhid gizirin nəşi 2016-cı il aprelin 10-da düşməndən geri alınmış və doğulub boya-başa çatdığı Astara rayonunun Əzərüd kəndində aprelin 11-də torpağa tapşırılmışdır. Məhz Siz – Azərbaycan Prezidentinin 19 aprel 2016-cı il tarixli, 1967 saylı Sərəncamı əsasında Pəncəli Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Pəncəli Teymurov heç də təsadüfi bir qəhrəman olmamışdır. Hələ şəhid olmazdan iki il öncə Pəncəlinin toyunda bütün yaxınları, doğmaları, eli-obası ona ailə həyatı qurması münasibətilə səadət, xoşbəxtlik arzulamışdı. Amma öz toyunda ən böyük xoşbəxtliyi məhz Pəncəli özünə arzulamışdı. Onda o, demişdi: “Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin”. Bunu sosial şəbəkədə, internet xəbər portallarında paylaşdırılan çoxsaylı videokadrlar da təsdiq edir. Bəli, Pəncəli öz hərbi andına sadiq qaldı, özünün arzuladığı kimi, Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağı ilə bükülü tabutda dəfn olunmağa getdi.

Astara torpağında saysız-hesabsız ocaqlar, türbələr, ziyarətgahlar var. Bu gün Astarada ən müqəddəs ziyarətgahlardan biri də, sözün əsl mənasında, şəhid Pəncəlinin məzarıdır. Bu gün Astaranın bütün məktəblərində təhsil alan şagirdlərin, hərbi xidmətə yola düşən gənclərin and yeridir, niyyət yeridir Pəncəli məzarı.

Qarşıdan bahar fəsli gəlir. Bu bahar – martın 24-də şəhid Pəncəlinin 36 yaşı tamam olacaq. Bu bahar Seysulan məntəqəsinin, Talış kəndinin ətrafındakı yüksəkliklərin erməni işğalçılarından azad edilməsinin, Azərbaycan qələbə bayrağının Lələ Təpə yüksəkliyində dalğalanmasının, bir sözlə, 2-ci Qarabağ savaşında qazandığımız qələbənin 1 illiyi qeyd olunacaq. Bu bahar öncəsi fürsətdən istifadə edərək mən Azərbaycan Silahlı Qüvvələrinin heç bir komandanlığına deyil, məhz Sizə – Azərbaycan Respublikasının Ali Baş Komandanına müraciət edirəm:

Möhtərəm cənab Ali Baş Komandan! Gizir Pəncəli Teymurov hələ sağ ikən “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülməli bir hərbiçi idi. Mən şəhid Pəncəlinin valideynləri olan Nurməmməd atanın, Vahimə ananın, şəhidin yaxınları, doğmaları, eli-obası adından xahiş edirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Astara rayonunun Əzərüd kənd sakini, Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayasınız. Belə bir sərəncam şəhid gizirin doğum gününə, onun şəhidliyinin bir illiyinə, 2-ci Qarabağ savaşında qazanılmış qələbənin 1-ci ildönümünə böyük bir töhfə olar, şəhidin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyiniz qədər dəyərli olardı”.
Şəhidlik arzusu çin olan şəhid zabitimizin öz toyundan çəkilmiş video görüntünü təqdim edirik:

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir