Heydər Əliyevin Nuri Paşa ordusu haqqında TARİXİ ÇIXIŞI

Məlim olduğu kimi, Milli Məclisin deputatı Araz Əlizadə 1918-ci ildə Bakını rus-erməni işğalından azad edən Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa haqqında qalmaqallı iddia irəli sürüb. Bildirib ki, “Nuri paşa yalnız Hacı Zeynalabdin Tağıyev onafaytonla qızılı çatdırandan sonra Gəncədən Bakıya doğru hərəkət edib”.

A.Əlizadənin bu sərsəm iddiaları Azərbaycanda böyük rezonansa və etiraza səbəb olub.
Turkustan.info saytı eyni adlı qəzetin arxivindən Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin bir zamanlar Nuri Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu ordusu haqqında fikirlərini üzə çıxarıb. Hesab edirik ki, bu tarixi qiymət zaman-zaman siyasi mövqeyini dəyişən, cilddən-cildə düşən Araz Əlizadə üçün daha bir tutarlı “şapalaq” olacaq.
1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılan şəhidlər abidəsi 1999-cu ildə o zamankı prezident, mərhum Heydər Əliyevin göstərişi ilə qoyulub. Abidənin rəsmi açılışı 2000-ci il aprelin 9-da Heydər Əliyev və Süleyman Dəmirəlin iştirakı ilə olub.

Heydər Əliyev 2000-ci il aprelin 10-da Türkiyə nümayəndə heyəti ilə görüşdə bu abidənin açılışı ilə bağlı demişdi:

“Dünən biz burada 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin abidəsini açdıq. O abidəni də çoxdan yaratmışdıq. Bilirəm, Türkiyədə belə bir istək var idi. Ancaq bu, indiyə qədər yerinə yetirilməmişdi. Mən isə bu barədə qərar qəbul etdim. Mən ən gözəl ərazidə yer verdim. Onlar keçmişdə elə orada torpağa veriliblər. Ona görə bu yeri ayırdım. Belə bir gözəl abidə yarandı. Amma bu abidə 1999-cü ilin əvvəlində yaranıbdır. Mən dedim ki, ancaq Süleyman Dəmirəl bura gələndə onunla birlikdə açacağıq. Keçən dəfə gələndə onun vaxtı, fürsəti olmadı. Başqa işləri var idi. Mən ona dedim. Dedi ki, gələn dəfə açarıq.
Ona görə də bu dəfə abidəni bir yerdə açdıq. Bu da böyük bir hadisədir. Yəni bu, Azərbaycan-Türkiyə əlaqələrinin qədimliyini göstərir və Türkiyənin vaxtilə Azərbaycanı erməni qırğınından xilas etməsini xatırladır.
Ümumiyyətlə, 1918-ci ildə Azərbaycanı dağıdırdılar, parçalayırdılar. Əgər bu olmasaydı, Azərbaycan ayaq üstə durmasaydı, bəlkə də bu gün Azərbaycan yox idi. Başa düşürsünüz, o vaxtlar Azərbaycanı dağıtmaq istəyirdilər”.

* * *
Heydər Əliyev 2000-ci il avqustun 15-də Türkiyə Cümhuriyyətinin qazilərini Prezident Sarayında qəbul edərkən isə bunları deyib:

“…. Siz qazilər və qardaş türk xalqının öz dövlətinin bütövlüyünü qorumaq uğrunda, terrorizmə qarşı mübarizədə, PKK terrorizminə qarşı mübarizədə şəhid olmuş bizim qardaşlarımız, övladlarımız – hamınız birlikdə həm Türkiyə Cümhuriyyətinin, türk xalqının fəxrisiniz, iftixarısınız, eyni zamanda Azərbaycan xalqının iftixarısınız, fəxrisiniz.
Siz Türkiyə Cümhuriyyətinin içərisində PKK terrorçuları ilə mübarizədə və yenə də deyirəm, Türkiyənin torpaq bütövlüyü uğrunda, Türkiyənin daxili sabitliyini pozmağa çalışanların qarşısını almaqda qəhrəmanlıqlar göstərmisiniz. Şəhidlər də bu yolda şəhid olublar.
Bizim xalqlarımızın keçmişi də eynidir, adət-ənənəsi də eynidir, dili də, dini də – hamısı eynidir. İndi burada oturmusunuz, baxırsınız. Kim deyə bilər ki, bu, Anadolu türküdür, yaxud Azərbaycan türküdür? Fərqi yoxdur. Yəni biz bir kökdənik. Ona görə də bizim xarici görünüşümüz də bir-birinə çox bənzəyir. Bizi bir-birimizdən seçmək mümkün deyildir. Amma bizim dərdlərimiz də böyükdür.
Mən yaxşı bilirəm ki, Türkiyədə şəhidlərə, onların xatirəsinə və Türkiyənin müdafiəsi yolunda, – harada olur-olsun, yaxud sərhəd savaşı olsun, yaxud da içəridə, dağlarda PKK terroristləri ilə, başqaları ilə mübarizədə, – fərqi yoxdur, qəhrəmanlıq göstərmiş insanlara nə qədər böyük hörmət, ehtiram vardır və şəhidlər, onların məzarları, onların şəhidliyi nə qədər müqəddəsdir. Mən bunu Türkiyədə dəfələrlə öz gözlərimlə görmüşəm, televiziya ilə seyr etmişəm. Eyni vəziyyət də buradadır. Yəni bu da bizim adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin eyni olduğunu, bir-birinə bənzər olduğunu bir daha göstərir.
Bilirsiniz ki, 1918-ci ildə də Azərbaycan müstəqillik əldə etdi. Amma burada ermənilər yenə də azərbaycanlılara qarşı böyük ədalətsizliklər, savaşlar edirdilər. Onda hələ Osmanlı ordusu idi. Osmanlı ordusunun böyük bir hissəsi, böyük bir korpusu Nuru Paşanın rəhbərliyi altında buraya gəldi. Onlar burada – Bakıda, Gəncədə ermənilərin törətdiyi qırğınların qarşısını aldılar, şəhid oldular. O vaxt orada şəhid olmuşdular. O vaxt da onları indi bizim şəhidlərin məzarları olan yerdə dəfn etmişdilər.
Təəssüflər ki, sonralar – sovet hakimiyyəti dövründə bu, tamamilə unudulmuşdu və bizim xalqımız da heç bilmirdi. Xalqımızın tarixində var ki, Türkiyənin Osmanlı ordusu gəlib Azərbaycanın erməni qırğınlarından xilas olunmasına yardım edibdir. Amma adamlar şəhidlərin məzarlarının, qəbirlərinin harada olduğunu bilmirdilər. Bunu biz aradıq, tapdıq. Sadiq Paşa ilə birlikdə Türkiyənin buradakı səfirliyi ilə birlikdə orada böyük bir abidə yaratdıq. Siz oranı da ziyarət etdiniz. Bunlar hamısı millətimizin qəhrəmanlarına, millətimizin şəhidlərinə göstərilən qayğımızdır, hörmətimizdir”.
İndi XX əsr sona çatır. XX əsrin ilk dövründə də bizim xalqımız bir-birinə yardım edibdir. XX əsrin sonunda da biz yenə bir-birimizə yardım edirik. Xüsusən Türkiyənin yardımı bizim üçün əhəmiyyətlidir. Bunları deyərək bir daha onu qeyd etmək istəyirəm ki, türk ordusu keçmişdə də çox güclü ordu olubdur. Amma Mustafa Kamal Atatürk tərəfindən yaradılmış cümhuriyyət və onun ordusu Türkiyəni bütün fəlakətlərdən xilas edibdir.
Siz tarixi yaxşı bilirsiniz. Amma bunu mən bir də qeyd etmək istəyirəm ki, əgər o vaxt Türkiyədə böyük Mustafa Kamal Atatürk kimi şəxsiyyət olmasaydı, bəlkə də Türkiyəni dağıtmaq istəyənlər buna nail ola bilərdilər. Ancaq o vaxt Mustafa Kamal Atatürk və onun silahdaşları, onunla eyni fikirdə olan adamlar birlikdə Türkiyəni xilas etdilər, Türkiyə Cümhuriyyəti yaratdılar. İndi 75 ildir ki, bu Türkiyə Cümhuriyyəti yaşayır və bunun da əsasını təşkil edən Mustafa Kamal Atatürk tərəfindən yaradılmış türk ordusudur. Biz buna həmişə – keçmişdə də heyranlıqla baxmışıq, bu gün də o, çox güclü olubdur, çox mütəşəkkil ordudur və bu ordunun da özünəməxsus ənənələri vardır. Ona görə türk ordusunda xidmət edən hər bir türk oğlu üçün bu, böyük şərəfdir. Amma bu orduda şəhid olmaq, yaxud bu orduda qəhrəmanlıq göstərib qazi olmaq ikiqat şərəfdir.
Mən sizi bir də ona görə sevirəm ki, siz bizim qardaş Türkiyə Cümhuriyyətinin ordusunun, Mustafa Kamal Atatürkün yaratdığı ordunun əsgərlərisiniz. Türk əsgəri bizim gözümüzün önündə həmişə qəhrəmanlıq nümunəsidir. Siz də qəhrəmanlardansınız. Ona görə də mən sizin Azərbaycana gəlməyinizi arzu etdim.
Azərbaycan müstəqil dövlətdir və bundan sonra da öz müstəqilliyini əlindən verməyəcəkdir. Bizim əldə etdiyimiz istiqlaliyyət tariximizin ən böyük qələbəsidir, ən böyük nailiyyətidir. Beləliklə, Azərbaycan bir müstəqil dövlət kimi qardaş Türkiyə Cümhuriyyəti ilə dostluğu, qardaşlığı ən əziz nemət hesab edir. Bu, belə də olacaq!”

moderator.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir