Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsi doğma şəhəri Şəkidə ehtiramla anılıb

Unudulmaz Xalq Şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənın yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Bütün varlığı ilə sevdiyi xalqının arzu və istəkləri, hiss və duyğuları onun ədəbi-bədii yaradıcılığının mayası, cövhəri olub. Qüdrətli söz ustasının mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət edib. Şairin əbədiyyətə qovuşmasından səkkiz il vaxt keçsə də, onun işıqlı xatirəsi qəlblərdə əbədi yaşayır və yaşayacaq.

Azadinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar fevralın 10-da Şəki Dövlət Regional Kollecində keçirilən xatirə tədbirində səsləndirilib.

Şəhər rəhbərliyinin, ziyalıların, kollecin müəllim və tələbələrinin, poeziya həvəskarlarının iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri şair Vaqif Aslan və başqaları çıxış edərək, Bəxtiyar Vahabzadənin Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, türkdilli ölkələrdə də sevə-sevə oxunur. Vurğulanıb ki, Bəxtiyar Vahabzadə Vətəninə, doğulduğu yerə, soykökünə bağlı bir insan olub. O, anadan olduğu yurdu – Şəkini çox sevirdi. Şairin əsərlərində Şəkiyə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka özünü aydın biruzə verir.

Diqqətə çatdırılıb ki, Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Şəki şəhərinin mərkəzi parklarından birində onun büstü qoyulub, şəhərdəki məktəblərdən və küçələrdən birinə şairin adı verilib.

Tədbirdə kollecin tələbələrinin ifasında şairin şeirləri səsləndirilib, sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir