`Sələmçilər qızımı girov götürüb` – Ağcabədidə biabrçılıq

Müraciəti ünvanlayan Səadət Məmmədova adlı qadın Ağabədi rayonunda sələmçilərin toruna düşdüyünü bildirir:

“2013-cü ildə Ağcabədi rayonunun Avşar kəndində Sahibə Cəfərova adlı qadından qızıllarımı girov qoyaraq 6 min manat məbləğində sələm götürdüm. Həmin vaxt Sahibə Cəfərova Elyaz Qədimov adlı bir nəfərin pulunu sələm kimi müxtəlif insanlara verirdi. Mən aldığım sələmi hissə-hissə ödədim. Lakin sonradan sələm götürdüyüm şəxs mənə bildirdi ki, onlara heç nə ödəməmişəm. Mən hər dəfə pul ödəyəndə qəbzini özlərində saxlayırdılar. Yenə pul ödəməyə başladım, lakin hər dəfə pulun ödənişini bir gün, yaxud da bir neçə saat gecikdirdiyimi bildirirdilər. Buna görə də məbləğ bir neçə dəfə artmışdı. Elə oldu ki, mən ötən bir neçə ildə götürdüyüm 6 min manata görə 100 min manata yaxın pul ödədim”.

“2 min ödəyib qızımı girovluqdan azad etdim”

Səadət Məmmədova əvvəlcə pulun qalanının ödənilməsi üçün hədələndiyini, daha sonra isə qızının girov götürüldüyünü iddia edir. O hesab edir ki, sələmçilər ona böhtan ataraq qondarma yollarla işin istintaqına təsir göstəriblər:

“Qızıllarımı mənə qaytarmadılar, yeznəmin, özümün, bacımın adına kredit götürdüm, ətrafımda kim varsa, hamısından borc alıb sələmçilərə verdim. Mən ödədikcə onlar daha artıq pul tələb etdilər. Daha sonra məni telefonda hədələməyə başladılar. Dedilər ki, pulu ödəməsəm, mənim başıma pis oyunlar gətirəcəklər. “102”yə zəng etdim. Lakin bir xeyiri olmadı. Ağcabədidə polis əməkdaşları sələmçilərin sözünü deyirdi. Qızıllarımı geri almağa gedəndə 9 yaşlı qız övladımı tutub saxladılar ki, pulun qalanını ödəyim. Uşağı bir gün mənə vermədilər. Sabahısı günü qonşudan 2 min manat alıb aparıb ödədim ki, qızı götürüm. Mən prokurorluğa qızımın girov götürüldüyü barədə şikayət verməyə gələndə, sələmçilər məndən polis orqanlarına şikayət etdilər. Guya mən onlardan pul almışam ki, əvəzində onlara qızıl alıb gətirim. İşi aparan müstəntiq sələmçilərlə əlbir hərəkət edirdi. Etiraz etdim ki, iş alınıb başqa müstəntiqə verilsin. İşin istintaqı başqa müstəntiqə həvalə olundu. Səs yazılara baxıldı, mənim əvəzimə saxta yolla çəkilmiş imzalar ortaya çıxdı, video ilə üzləşmə təşkil olundu və nəticədə şikayət ləğv olundu. Lakin heç bir əsas göstərilmədən iş araşdırılmaq üçün yenidən sələmçilərlə əlbir olan əvvəlki müstəntiqə verildi. Bu müstəntiq istintaqı sələmçilərin istədiyi kimi apardı. Hazırda iş məhkəməyə göndərilib. Mənim tələbim ondan ibarətdir ki, istintaq yenidən aparılsın. Fevralın 1-də məhkəmənin hazırlıq iclası keçiriləcək. Aldığım sələmi onlara ödədiyim barədə səs yazıları da var. Həmin səs yazılara qulaq asdıqda da aydın olur ki, mən onlardan qızıl gətirmək üçün pul almamışam. Həmin səs yazıları Bakıya ekspertizaya göndərildi və mənimlə sələmçilər arasında gedən telefon danışığı olduğu sübut olundu”.

Səadət Məmmədova bildirir ki, Ağcabədidə hamı bu sələmçilərdən şikayətçidir:

“Birinin evi, birinin maşını, birinin qızılı, var-dövləti bu sələmçilər tərəfindən qeyri-qanuni yollarla əllərindən alınıb. Avşar kəndində Sahibə Cəfərova, Elyaz Qədimov, İsmixan Ələkbərov, Nicat Qədimov və digərlərindən ibarət sələmçi dəstə var. Ağcabədidə müstəntiqlər, məhkəmə hakimləri həmin sələmçilərlə əlbirdir. Bir nəfər məhkəmənin önündə özünü yandırmışdı”.

Qeyd edək ki, Ağcabədi rayon məhkəməsinin sədri Xanlar Fərhadova və hakimi Etibar Quliyevə fəaliyyətlərindəki nöqsanlara görə 2 il bundan əvvəl Məhkəmə Hüquq Şurası tərəfindən töhmət verilib.

Ağcabədi Rayon Məhkəməsinin yuxarıda adlarını çəkdiyimiz sələmçilərin xeyirinə çıxardığı 5 müxtəlif qətnaməni oxuculara təqdim edirik:

Femida.az

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir