`Hər vasitə ilə Türkiyəyə yardım etməyə qərar verdik` – Pakistanlı səfirdən açıqlama -VİDEO

Pakistanın İstanbuldakı konsulu Yusif Cüneyd TVNET kanalına maraqlı xatirəsini danışıb. Yusif Cüneydin xatirəsi təkcə iki ölkə – Pakistan və Türkiyəyə deyil, bütün türk və islam dünyasına nümunə olacaq hadisədir. O, həyatında baş vermiş iki hadisəni ortaq nöqtədə birləşdirərək, dünyaya mesaj verib:

“7-8 yaşım olarkən nənəmin qulağında kəsik olduğunu, qulaq ətinin iki hissəyə ayrıldığını gördüm. Ondan bu yaranın nə olduğunu soruşdum. Danışmaq istəməsə də, israr etdim. Nənəm bunları dedi: “O vaxt Osmanlı imperiyası ilə dünya ölkələri arasında savaş olduğu üçün Osmanlı çətin vəziyyətdə idi. Bu gün Pakistan adlandırdığımız ərazidə yaşayan bizlər də Türkiyədəki qardaşlarımızı dəstəkləyirdik. Bizə dedilər ki, Türkiyənin pula, silaha, əsgərə ehtiyacı var. Hər vasitə ilə Türkiyəyə yardım etməyə qərar verdik. Varlı olmadığımız üçün Türkiyəyə bağışlamağa bir şey tapmadım. Bir cüt qızıl sırğam var idi. Bəzən Osmanlını dəstəkləyən bir qrup adam ağ parçalar açaraq küçələrdən keçərdi. İnsanlar da pul, qızıl, gümüş – nə var idisə, oraya atardı. Mən də sırğalarımı bağışlamaq istədim. Amma sırğalar 4-5 il idi ki, qulağımda idi, ona görə də yapışmışdı. Çıxara bilmədiyim üçün dartdım… Bax, qulağımdakı kəsik o vaxtdan qalıb”.

Nənəmdən niyə belə bir şey elədiyini soruşdum, “böyüyəndə qardaşlığın və islamın dəyərini daha yaxşı başa düşəcəksən”, deyə cavab verdi.

Nənəmin bu hərəkətini heç vaxt başa düşə bilmədim. Mən Türkiyəyə gələndən iki il sonra Pakistanda sel fəlakəti oldu. İnsanların vəziyyəti çox pis idi. Türkiyə isə Pakistana böyük dəstək verirdi. Onda məni konsulluğa gələn 70 yaşlı kişi çox təəccübləndirdi. O, seldən əziyyət çəkənlərə yardım etmək istəyirdi. Ona dedim ki, yardımı birbaşa almırıq, banka köçürməlisiniz. Çox yaşlı olduğunu, ancaq yenə də banka gedəcəyini bildirdi. Onun yaşlı olduğunu görüb oturmasını, mənimlə çay içməsini və banka başqa bir adamı göndərəcəyimi dedim. Soruşdum ki, nə işlə məşğulsan? Dedi, riyaziyyat müəllimi olmuşam, amma indi təqaüdçüyəm. Köçürmək istədiyi pulla maraqlandım, o isə vəsaitin bir aylıq təqaüdü olduğunu bildirdi. Sonra mənə dedi ki, konsulluğa gəlməzdən əvvəl bütün qonşularımla danışdım, onlara dedim ki, təqaüdümü bağışlayacağım təqdirdə mənim qarnımı doyuracaqsınız? Onlar da mənə baxacaqlarına söz verdilər”.

Bax, nənəmin nə dediyini həmin gün anladım. Bir adam Pakistana yardım etmək üçün dilənməyi gözə ala bilirsə, demək, nənəmin o vaxt etdiyi hərəkət o qədər də böyük bir şey deyilmiş”./eurasia/

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir