Almaniyada Azərbaycanlıları aldadaraq pullarını alan Rəşad Quliyevin əməlləri -VİDEO

O, azərbaycanlıları Almaniyaya aparıb, başlarına oyun açır
Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri, Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Quliyevin törətdiyi dələduzluq əməlləri bir-bir üzə çıxır. O, Neftçala şəhər sakini, 1972-ci il təvəllüdlü Fuad Vəli oğlu Mürvətova da 1000 avro qarşılığında saxta sənəd satıb.

Azadinfo.az bildirir ki bu barədə R.Quliyev haqda yaydığımız faktları oxuduqdan sonra Axar.az-a müraciət edən Firudin Duginin təqdim etdiyi videoda zərərçəkən özü məlumat verib.

Onun sözlərinə görə, Rəşad Quliyevlə ilk tanışlıq hazırda Almaniyada yaşayan Aytəkin adlı şəxsin evində olub:

“Öncə Almaniyada yaşayan Aytəkin adlı xanımla danışdım. O, uzun müddət rayonda qonşum olub. Az-çox tanıdığım şəxs idi, etibar edə biləcəyimi düşünürdüm. Bizə dedi ki, gəlin, burada bir vəkil var, o sizin işinizi həll edəcək.

Ailəmi götürüb Almaniyaya getdim. 4 gün Aytəkin xanımın evində qaldıq. Sonra Rəşad Quliyev onlara gəldi. Birinci dəfə Rəşadı orada gördüm. Özünü bizə təqdim etdi, dedi ki, uzun illərdir burada yaşayıram, iş adamı, eyni zamanda, vəkiləm.

Rəşad bizdən 4 min avro pul istədi. Dedi ki, həm yoldaşına jurnalist olduğu barədə sənəd verəcəm, həm də özümə guya Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğum vəsiqəsini alacaq”.

F.Mürvətovun sözlərinə görə, uzun çəkən sövdələşmədən sonra Rəşad Quliyev 1000 avroya razılaşıb:

“4 min avro verməyə imkanım olmadı, Aytəkin xanımın yanında Rəşada 1000 avro verdim. O, verəcəyi sənədlərin həddindən artıq mühüm olduğunu, onlar olmasa, Almaniyada heç 1 ay qala bilməyəcəyimizi deyirdi. Pulu verəndən sonra 10 günə lazım olan sənələri mənə verəcəyini bildirdi.

Almaniyaya getmək üçün 10 min manat xərcim çıxmışdı, geri qayıtmaq istəmirdim. Ona görə də bu işə qol qoydum”.

F.Mürvətovun əsl çətinliyi isə bundan sonra başlayıb. Xeyli müddət ailəsi ilə birgə düşərgədə qalan zərərçəkən Rəşad Quliyevin başqa bir qurbanı – Adil Ağayevlə tanış olduqdan sonra aldandığını dərk edib:

“Hökumətə təslim olduqdan sonra bizi düşərgəyə apardılar. Rəşadın söz verdiyi sənəd 10 günə yox, 45 günə gəldi. Həm də gələn sənəd yoldaşım İlahə Abdurahman qızı Mürvətovanın adına idi. Həmin kağız parçasında yoldaşımın Azərbaycanda jurnalist çalışdığı yazılmışdı. Rəşad sonra mənə dedi ki, bir neçə gündən sonra vəd etdiyi digər sənədi də verəcək.

Biz düşərgədən çıxdıqdan sonra Tərtər sakini Adil Ağayevlə tanış oldum. Adil Rəşadın adını eşidən kimi başına gətirilənləri danışdı. Dedi ki, Rəşadın Almaniyada aldadmadığı adam qalmayıb. Onda anladım ki, mənə də verdiyi sənəd saxta imiş”.

Zərərçəkən bu hadisədən sonra Rəşad Quliyevə zəng edərək pulunu tələb edib. Ancaq diaspor rəhbəri olduğunu iddia edən bu şəxs pulu qaytarmayacağını, istər Almaniya, istərsə də Azərbaycan hüquq-mühafizə orqanlarının ona heç nə edə bilməyəcəyini deyib:

“Rəşadın nömrəsini Aytəkin xanımdan alıb zəng etdim, pulumu istədim. O isə dedi ki, mən pulu başqasına vermişəm, geri almaq qeyri-mümkündür. Axırda mənə dedi ki, istəyirsən, Almaniya polisinə, məhkəməyə müraciət et, pulunu verməyəcəyəm. Pulunu verdiyim digər sənədi də verməkdən imtina etdi.

İndi biz burada çıxılmaz bir vəziyyətdə qalmışıq”.

Qeyd edək ki, bundan əvvəl Rəşad Quliyevin Oğuz rayon sakini İntiqam Həsən oğlu Əliyevdən dələduzluq yolu ilə 12 min avro (13.550 dollar), Bakı şəhər sakini Baba Asəf oğlu Güləhmədovdan 4 min manat, Tərtər rayon Leninabad kənd sakini Adil Sabir oğlu Ağayevdən isə Almaniyada 2 min avro aldığı barədə məlumat vermişdik. Məsələ ilə bağlı zərərçəkən İ.Əliyev Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Məsələnin araşdırılması üçün Axar.az Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinə sorğu göndərib. Səfirliyin mətbuat xidməti məsələnin araşdırılacağını və rəsmi cavab veriləcəyini bildirib.

Qeyd: Azərbaycandan aldadılaraq aparılan və guya burda jurnalist işlədiyi, “hakimiyyətin ölüm təhdidindən qaçdığı” haqda jurnalistikaya və ictimai həyata heç bir aidiyyəti olmayan şəxslərə külli miqdarda pul qarşılığında satılan və Almaniya Miqrasiya İdarəsi və XİN-ə verilən saxta sənədlərin bəzilərinin surəti redaksiyaya təqdim edilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir