Sabunçu-Ramana yolunun tikintisi başa çatıb

Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı işlər yekunlaşıb.
“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 km, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1,5 metr təşkil edir.

Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra, yolun hərəkət hissəsində asfaltlanma işləri də başa çatdırılıb. Asfaltlanma işləri zamanı yola ikiqat yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun təqribən 60 min kvadratmetr ərazisi asfaltlanıb.

Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6 426 paqon-metr yeni səki daşlarının düzülməsi işlərinə də yekun vurulub.

Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin ümumilikdə 8400 m hissədə piyada zolaqları, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılıb.

Məlumat üçün bildirək ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılıb.

Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, yük və sərnişin daşıması yaxşılaşdırılıb.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir