Zabit Nəbizadə səsinin Alim Qasımovun səsinə çox bənzədiyini bildirib – VİDEO

“4 dəfə əməliyyat olunmuşam”
ARB TV-nin “Gəlin Danışaq” verilişinin budəfəki qonağı xalq artisti, tanınmış muğam ifaçısı Zabit Nəbizadə olub.

Xanəndə gənc vaxtlarında səsinin xalq artisti Alim Qasımovun səsinə çox bənzədiyini bildirib, ilk dəfə Alim Qasımovun onu dinləməsiylə bağlı maraqlı əhvalat danışıb:

“Alim müəllim məni ilk dəfə 1990 – cı ildə flarmoniyada Şamaxı aşıqları və xanəndələrinin konsertində dinləmişdi. Gəlib mənə dedilər ki, Alim Qasımov zaldadır. Mən heç nə söyləmədim. Sonra daha bir yoldaş gəlib dedi ki, Alim müəllim zaldadır. Sən də onun kimi oxuyursan. Dedim ki, o, oxumur ki, qulaq asır. 3-cü yoldaş gəlib söyləyəndə ki, onun cahargahını oxuyacaqsan əsəbləşdim ki, olsun da burda. Mən elə oxuyaram, o, mənim arxamca adam göndərər ki, bu kimdir. Mənim içimdə bu var idi. Ustad orda oturub mən həyəcanlanım ya o, məni tanımaya-tanımaya eşitsin ki, mən onun kimi oxuyuram kimi şeylər ağlıma gətirmirdim. Oxuyub səhnədən çıxanda bir yoldaş gəlib dedi ki, qadanı alım sən haralısan? Dedim ki, şamaxılı. Gülərək söylədi ki, biz də şamaxılıyıq, hansı kəndindənsən? Cavab verdim ki, Şıxsəli kəndindən. Sonra dedi ki, Alim müəllim səni çağırır. Alim Qasımovun yanında oturanda soruşdu ki, hardan öyrənmisən bu mahnını? Dedim ki, kasetdən. Bir iradı oldu ki, sözlərini səhv deyirsən. Söylədim ki, inşallah tələbəniz olaram düzəldərik. Amma dərs prosesində heç vaxt mənə demədi ki, buranı belə oxu, oranı elə. Mənə deyirdi ki, maşallah sən hər şeyi bilirsən”.

Zabit Nəbizadə hələ tələbəlik vaxtında olarkən toylara çağrıldığını və burada səsinin Alim Qasımovun səsinə bənzəməsinin böyük rol oynadığını bildirib:

“Birinci kursda Bakı kəndlərindən ən çox muğamı bilən Nardaran kəndinə mən toylara getdim. Hacıbaba müəllim mənə dedi ki, oğlum, əgər 1 -ci kurs tələbəsi olaraq, mənimlə birlikdə camaat səni Nardarana toya aparırsa, sən tələbə deyilsən, sən elə xanəndəsən. Məni tələbə kimi aparmırdılar, xanəndə kimi aparırdılar. Bunun da səbəbini belə eşitmişdim ki, o vaxtlar Alim müəllim toylara getmədiyi üçün Bakı kəndləri məni Alimin əvəzinə aparırdılar”.

Xalq Artisti keçirdiyi yüngül xəstəliyindən və 4 dəfə əməliyyat olunmasından danışıb:

“Əslində böyük bir problem yox idi. Sadəcə olaraq diaqnoz qoya bilmirdilər. Sağalandan sonra bildim ki, boş yerə 8-9 ay xəstəxana da qalıb, heç nədən 4 dəfə əməliyyat olunmuşam. İndi çox dəb halına düşmüş bel yırtığı var idi yəni qrija problemi çıxdı. Tapa bilmirdilər ki, nədi. Sovetlər dönəmində 4ay yatan kimi pensiyaya çıxarırdılar. Komissiyanın sədri atama dedi ki, cavan oğlandır heçnəyi də yoxdur. Buzovna qəsəbəsində Nisəxanım adlı bir həkim məsləhət gördü. Həmin həkim tapdı ki, dərdim nədir. 6 ay müalicə elədi”.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir