“Azəriqaz” : Yanvarın 1-dən limit götürüləcək

“Azəriqaz” İstehsalat Birliyi (İB) “smart” tipli sayğaclarda balansın artırılmasına limit tətbiq edib

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev “APA-Economics”ə açıqlamasında bunu təsdiqləyib. Qurum rəsmisi bildirib ki, aylıq limitin məbləği 200 manat təşkil edir. Bununla yanaşı, İ. Kərbəlayev qeyd edib ki, limit müvəqqəti xarakter daşıyır.

“Əhali abonentləri tərəfindən 1 ay müddətində istehlak olunan təbii qazın maksimal həcmi hesablanıb və 200 manat məbləğində limit tətbiq olunub. Bunun səbəbi ilin sonunadək proqram təminatında yenilənmənin aparılmasıdır. Gələn ilin yanvar ayının 1-dən etibarən limit aradan qaldırılacaq. Limitin tətbiq olunmasına səbəb həmçinin Tarif Şurasının müvafiq qərarından yayınma hallarının qarşısını almaqdır”, – deyə o bildirib.

Qeyd edək ki, dekabr ayının 1-dən Tarif Şurasının elektrik enerjisinin qiymətlərinin diferensiallaşdırılması ilə bağlı qərarının və təbii qazın qeyri-əhali qrupu üçün tariflərinin tətbiqinə başlanılıb.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Tarif Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında qəbul edilmiş qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Qeyd edək ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Başqa sözlə desək, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün heç nə dəyişməyib. Amma aylıq enerji istehlak 250 kilovat-saatdan çox olan abonentlərin xərcləri artıb. Məsələn, ayda 400 kilovat-saat enerji istehlak edən abonent buna görə 34 manat ödəniş etməli olacaq. Halbuki əvvəl o, bu göstəriciyə görə əvvəl indikindən 6 manat az, yəni 28 manat ödəyirdi. Ayda 1000 kilovat-saat enerji istehlak edən abonent buna görə 100 manat ödəniş etməli olacaq.

Göründüyü kimi, istehlak artdıqca və xüsusilə də limitdən artıq sərfiyyat abonentə baha başa gələcək.

Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik təsdiq edilib.

Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz olan alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik müəyyənləşdirilib.

loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir